Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşlara şəhadətnamələrin verilməsini davam etdirir

Avqustun 20-dək 306 müraciəti karantin rejiminin tələblərinə riayət etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, SMS-bildirişi alan, lakin fiziki cəhətdən gəlmək imkanı olmayan vətəndaşların ailə üzvləri (ata, ana, qardaş və bacı) və ya etibarnamə əsasında onları təmsil edən səlahiyyətli nümayəndələri həftə içi hər gün saat 09:00-18:00 arası tərtib edilmiş xüsusi növbəlilik cədvəli üzrə karantin rejiminin tələblərinə riayət etməklə Agentliyə yaxınlaşaraq sözügedən müraciətçilərin şəhadətnamələrini əldə edə bilərlər.

Vurğulanıb ki, bu xidmət 2020-ci ilin martından başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir. SMS-bildirişi almayan vətəndaşların Agentliyə yaxınlaşmamaları xahiş olunur.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu martın 16-dan avqustun 31-dək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən olunması ilə bağlı Agentliyə müraciət edən və müsbət nəticə əldə edən vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi mümkün olmayıb. Avqustun 12-dən etibarən isə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinə başlanılıb.