Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və sair) icazə verilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.