Xaricdə təhsil alan tələbələr Azərbaycanın ali məktəblərinə köçürülərkən tələb olunan göstəricilər

Tələbələr xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycanın ali məktəblərinə köçürülərkən müəyyən göstəricilər nəzərə alınır.

Təhsil Nazirliyindən  bildirilib ki, köçürülən tələbənin təhsil aldığı ali məktəb dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almalıdır. Tələbə xarici ölkədə ali təhsil müəssisəsində əyani oxumalıdır.

Köçürülən tələbə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmədikdə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə azı 1000, riyaziyyat üzrə azı 560, TOEFL İBT imtahanından ən azı 75, IELTS imtahanından azı 6.0 bal) uyğun, akademik göstəriciləri isə qənaətbəxş olmalıdır.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etdiyi halda isə tələbə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə həmin ildə tələb olunan minimal keçid balını toplamalıdır.

Xatırladaq ki, avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.