“Gələcəyimiz gənclərdir”adlı onlayn festival keçirilib

 12 Avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Portuqaliyanın paytaxtı Lissabon şəhərində gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.Avqustun 11-də Beynəlxalq Gənclər Gününə həsr olunmuş "Gələcəyimiz gənclərdir" adlı onlayn festival keçirilib.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gənclər Fondunun və "Gənc Könüllülər" Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən festivalın məqsədi gənclərin onlar üçün əziz olan bu günü daha əyləncəli və maarifləndirici keçirmələrinə şərait yaratmaq idi. Festivalda 350-dən çox gənc iştirak edib. Festivalda qeyd edilib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub.

Qeyd edək ki,müxtəlif fəaliyyət hissələrindən ibarət olan festivalın ilk mərhələsində gənclər üçün “Xəmsə” intellektual oyunu keçirilib. Daha sonra şahmat turniri ilə davam edən festival konsert proqramı ilə başa çatıb.

Onlayn formada keçirilən festivalın sonunda təəssüratlarını bölüşən könüllülər tədbirin xüsusi istedada malik olan gənclərin öz bilik və bacarıqlarını digər gənclərlə paylaşmasına kömək etdiyini bildiriblər. Gün ərzində davam edən festivalda həm öyrənib, həm əyləndiklərini bildirən gənclər, əvvəlki illərdən fərqli olaraq xüsusi karantin rejimi şəraitində qeyd edilən bu günü kreativ şəkildə maraqlı keçirdikləri üçün təşkilatçılara təşəkkür ediblər.

                                                   Mətbuat Xidməti