Bakı Slavyan Universitetinin müəllimi beynəlxalq sertifikat alıb

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin Tədris işləri üzrə dekan müavini, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Stanford Universitetində  onlayn formada “Elmi yazı” adlı kurs keçib. Qeyd edək ki,kursun məqsədi gənc  alimlərə  praktik nümunələrdən və təlimlərdən istifadə edərək daha yüksək elmi-tədqiqat müəllifi olmağı öyrətməkdir.

Məlumat üçün bildirək ki, kurs “Qrant yazmaq”, “Elmi nəşrdə etik məsələlər”, “Rəy araşdırması”, “Elmi əlyazma formatı”, “Plagiatlığı araşdırmaq və qarşısını almaq”, “Elmi yazını anlama prosesi və müəlliflik meyarlarını müəyyənləşdirmək”, “Dünyada böyük nəşrləri tanımaq”, “Yeni müəlliflər üçün yaranmış problemlərin həlli yolları”, “Yazı etiketinin təcrübədə mükəmməlləşməsi: passiv və aktiv feillərin fərqləndirilməsi, durğu işarələri ilə cümlənin vacibliyinin müəyyənləşdirilməsi, orijinal elmi yazının məsuliyyətini anlamaq”, “Güclü tövsiyə məktubu və güclü şəxsi esse yazmağı anlamaq”, “Bir elmi xəbərin daha geniş auditoriyaya çatdırılması yolları” mövzularını əhatə edib.

İki ay müddətində keçirilən kurs həftədə 3-4 saatı əhatə edib, hər həftə müvafiq tapşırıqlar verilib  və sonda imtahan keçirilib.

BSU-nun dosenti Sədaqət Əsgərova   91.80 %  bal göstəricisi ilə beynəlxalq sertifikata layiq görülüb. Biz də bu münasibətlə dosent Sədaqət Əsgərovanı təbrik edir, ona uğurlarının davamlı olmasını arzulayırıq.

 BSU-nun Mətbuat Xidməti