Tələbəmiz yazır!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Bu Sərəncama uyğun olaraq ölkəmizdə gənclər üçün müxtəlif tədbirlər, o cümlədən yazı müsabiqələri keçirilir. Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin ll tədris ili tələbəsi, fəal könüllü Murad Hüseynli Nar və TƏBİB-in birlikdə keçirdikləri " Günün qəhrəmanları" yazı müsabiqəsi üçün məqalə hazırlayıb. Həmin məqaləni təqdim edirik.

Könüllülük hərəkatı gəncləri vahid niyyət ətrafında birləşdirdi

Dövlət başçımızın ötən ilin son günlərində imzaladığı həmin rəsmi sənədin giriş hissəsində qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Çünki könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. 2020-ci ilin əvvəlindən bəri yaşadığımız  pandemiya dövründə şahidi olduğumuz faktlar sübut etdi ki, Azərbaycan könüllüləri, sözün həqiqi mənasında, mükəmməl bir vətənpərvərlik məktəbinin müasir məzunlarıdır.

Məhz Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi ilə bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan könüllüləri öz innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula-1yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.

Qeyd etmək istəyirəm ki, könüllülərimiz son dörd-beş ayda xalqa və dövlətə tamamilə başqa bir ampluada xidmət etməli oldular. Çünki bu il bütün dünyanı öz mənhus təsiri altında saxlamağı bacaran Koronavirus pandemiyası nəinki gənclərin və könüllülərin, hətta bütövlükdə dövlətlərin normal fəaliyyətini öz məcrasından çıxarmışdır. Azərbaycan xalqı məmnundur ki, dövlətimizin bu qorxunc bəlaya qarşı apardığı qətiyyətli və ardıcıl mübarizədə gənclərimiz, xüsusən, könüllülər gecə-gündüz dövlətin və məsul şəxslərin yanında oldular.

Könüllülər daim sosial xidmətçilərlə birgə tənha yaşlı insanlara, eləcə də əlilliyi olan tənha şəxslərə yaxından dəstək olurlar. Belə gənclərin sırasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "Könüllü DOST” proqramının könüllüləri də var. DOST könüllüləri  tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlar həmin tənha yaşlılara tez-tez baş çəkərək, istək və qayğıları ilə maraqlanır, hansı sahədə kömək lazım olduğunu soruşur və müvafiq istiqamətdə də yardımlar göstərirlər.

Yaşlıları tək qoymayanlar 

Karantin günlərində ahıl şəxslərə xidmət göstərilməsi prosesinin iştirakçısı olduq

Bir neçə aydır ki, dünyanı lərzəyə gətirən koronavirus haqqında yazır, onun zərər vurduğu, mənfi təsir etdiyi sahələrdən danışırıq. Amma hər hadisəyə ancaq mənfi istiqamətdən yanaşmaq olmaz, gərək onun müsbət tərəflərini də görəsən. İnsanlar arasında yardımlaşmanın genişlənməsinə bu hadisənin müsbət tərəflərindən biri kimi baxa bilərik.

Pandemiyadan qorunmaqla bağlı alınan bəzi qərarlardan sonra müəyyən kateqoriya insanlar üçün həyat şəraiti çətinləşdi. Virus 65 yaşdan yuxarı şəxslər üçün daha təhlükəli olduğu üçün bu yaş kateqoriyasından olan şəxslərin çölə çıxması qadağan edildi. Onların sosial təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən DOST Agentliyinin sosial xidmətçiləri tərəfindən həmin şəxslərə evlərində dəstək və xidmətlər təklif edilir.

Xidmət prosesini yaxından izləmək və ahıl şəxslərlə həmsöhbət olub, bu günləri necə keçirdikləri haqqında məlumat almaq üçün nazirliyin sosial işçisi və könüllüsü ilə birlikdə bir gün keçirmək qərarına gəldik .

 "Öz evim kimi silib-süpürürəm”

Agentliyin sosial işçisi Şəlalə Əzizova və könüllüsü Elnur Hüseynov ilə birlikdə yardım göstəriləcək ünvana yola düşürük. Mənzil başına çatanadək Şəlalə Əzizova ilə yardım ediləcək ahıl şəxs barəsində danışırıq. Şəlalə xanım deyir ki, əslində, bu xidmət adi vaxtlarda da mövcuddur, amma karantin vəziyyəti olduğu üçün həmin şəxslərə yardım daha tez-tez edilir: "İndi sosial yardım göstərəcəyimiz şəxs Nadir Hüseynovdur. Onun 86 yaşı var. Övladları xaricdə yaşayır, sosial yardım üçün bizə müraciət edib. Həftədə bir neçə dəfə gəlib Nadir bəyin sosial təminatına kömək edirik və bunun üçün bizim 2 saat vaxtımız olur. Öz evim kimi silib-süpürürəm, qablarını yuyuram, lazım olanda alış-verişə gedirəm, aptekdən dərmanlarını alıram. İşimi sevə-sevə görürəm. Çünki onların buna ehtiyacı var. Gün ərzində təxminən 3-4 belə ahıl şəxsə xidmət edirik. Bunlar bizdə daimi qeydiyyatda olanlardır. Amma 142 Çağrı Mərkəzinə müraciət edən ahıl şəxslər də var”.

"Onu qızım kimi çox istəyirəm”

Artıq mənzil başına çatmışıq. Nadir bəy bizi qapıda qarşılayır, hiss olunur ki, çoxdandır onu yad edən, evinə qonaq gələn yoxdur. Çünki üzündə qəribə bir sevinc və gülüş vardı. İçəri keçib səhhətini xəbər alırıq. Ev yiyəsi deyir ki, artıq uzun müddətdir bu sosial yardımdan yararlanır və xidmətdən çox razıdır: "Həqiqətən, çox sağ olsunlar ki, bu çətin günlərdə bizə yardım edirlər. Şəlalə isə artıq bir müddətdir ki, evimin işlərini görür. Lazım olanda bazarlığa gedir, dərmanlarımı alır, yemək hazırlayır, təzyiqimi ölçür. Adama başqa nə lazımdır (gülür)? Onu qızım kimi çox istəyirəm”. 

Kimin nə ağrısı olsa...

Biz Nadir bəylə həmsöhbət olarkən Şəlalə xanım da ev işləri ilə məşğul olur. Könüllü olaraq bizimlə gələn Elnur Hüseynov isə həyətdə yır-yığış işləri görür. Qeyd edim ki, Nadir bəy təbabətlə çox yaxından maraqlanır. Bu yaşda belə insan sağlamlığı ilə bağlı müxtəlif kitablar, jurnallar oxuyur. Deyir ki, ətrafındakı şəxslərdən kimin nə ağrısı olsa, birinci ona müraciət edir: "İnsan gərək sağlamlığının qədrini cavanlıqda bilsin. Bəziləri yaşlandıqdan sonra idman etməyə, düzgün qidalanmağa başlayır. Amma bunları elə gənc yaşlarından etməlidirlər. Mən cavanlığımdan sağlamlıqla bağlı kitablar oxuyur, orada yazılanlara əməl edirdim. Ona görə bu mövzuda kifayət qədər məlumatım var. İndi kimin nə ağrısı olsa, mənə müraciət edir. Mən də bacardığım qədər məsləhətlər verirəm”.

Çağrı Mərkəzinə müraciət edənlərə qapıdan xidmət

Nadir bəyə ayrılan vaxt bitmək üzrədir. Şəlalə xanımla Elnur bəy də işlərini yekunlaşdırıblar. N.Hüseynovla sağollaşıb, növbəti mənzilə yollanırıq. Növbəti yardım edəcəyimiz şəxs 142 Çağrı Mərkəzinə müraciət etmiş Mahir Nemətovdur. Bu dəfə isə bizimlə yol yoldaşı olan, agentliyin könüllüsü Elnur Hüseynov ilə söhbət edirik. Elnur  bildirir ki, Mahir bəy nazirliyin daimi qeydiyyatında olmadığı üçün ona yalnız ərzağın alınmasında və məişət tullantılarının atılmasında yardım edilir: "Mahir bəy kimi Çağri Mərkəzinə müraciət edənlər daha çoxdur. Onlara bu dövrdə çölə çıxmağa icazə verilmədiyi üçün bəzi işlərində yardım edirik. Daha çox dərman və pensiyalarının alınması, bazarlıq edilməsini istəyirlər. Çağrı Mərkəzinə müraciət edən ahıl şəxslərə, sadəcə qapıdan xidmət göstərilir. Onların evlərinə daxil olub hansısa məişət xidməti göstərilmir”.

Yalandan heç kimi olmadığını deyənlər də var

Qeyd edilən ünvana çatırıq və Mahir bəy bizi qarşılayır. Bazarlıq üçün lazım olan siyahını və bir qədər də pulu Elnura verərək alınacaq ərzaqları izah edir. Elnurla birlikdə marketə yollanıb Mahir bəy üçün alış-veriş edirik, həm də bir az həmsöhbət oluruq. Elnur  deyir ki, şənbə və bazar günləri istisna olmaqla, hər gün ahıl şəxslərə xidmət edirlər: "Həftənin 5 günü bir könüllü ilə bir sosial xidmətçi ünvanlara yollanır və lazım olan yardımı edirik. Bir aydan çoxdur ki, 20-dən çox ahıl şəxsə yardım göstərmişəm. Bu müddət ərzində də müxtəlif hadisələrlə qarşılaşmışıq. Məsələn, bir dəfə Çağrı Mərkəzinə daxil olan müraciətə getmişdik. Həmin şəxs bizə heç kiminin olmadığını desə də, oğlu, gəlini və nəvələrinin evdə olduğunu gördük. Təbii ki, həmin adamlara sosial xidmət göstərilmir. Bu zaman izah etməyə çalışırıq ki, onlar belə etməklə başqa ahıl şəxslərin haqqına girmiş olurlar. Çünki biz könüllülər azıq, bütün müraciətlərə eyni anda xidmət göstərə bilmirik. Belə yanlış informasiya verib bizim xidmətdən istifadə edənlər olanda, həqiqətən ehtiyacı olan şəxslər həmin gün xidmətdən istifadə edə bilmir. Çünki hər gün 1-2 müraciətə getməyimiz mümkündür”.

Elnurla həmsöhbət ola-ola, bazarlığımızı da yekunlaşdırıb Mahir bəyin evinə dönürük. O, göstərilən xidmətdən razı olduğunu və karantin rejimi elan ediləndən bəri hər 3 gündən bir sosial xidmətdən yararlandığını, çox razı olduğunu bildirdi. 

M.Nemətovdan ayrıldıqdan sonra Elnurla da sağollaşırıq. O, xidmət gözləyən növbəti ünvana yollanır. 

Könüllülük könül işidir

Bu gün ölkəmizin gənclərinin, könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. Xüsusi qeyd etmək istəyirəm ki,Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri , professor Nurlana Əliyeva biz tələbə-gənclərin könüllülük fəaliyyətinə yüksək diqqət və qayğı göstərir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, sağlamlıq imkanları məhdud olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsi və günün qəhrəmanları oldular.