Bütün dünyada kəskin sürətlə yayılan yeni növ Koronavirus (COVİD-19) pandemiyası Azərbaycanın bir çox tanınmış dövlət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin, həkimlərinin, peşəkar müəllimlərinin, o cümlədən kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarının həyatına son qoydu. Bu kəskin pandemiya Bakı Slavyan Universitetindən (BSU) də yan keçmədi. Belə ki,BSU-nun Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Könül İsmayıl qızı Qasımova iyul ayının 6-da Koronavirus pandemiyasından dünyasını dəyişdi. İstedadlı və təcrübəli müəllimin vaxtsız vəfatı universitetin rəhbərliyini, professor-müəllim heyətini və tələbə kollektivini dərindən sarsıtdı.
İyulun 7-də BSU-da universitetin rektoru, professor Nurlana Əliyeva və prorektorlar, universitetin əməkdaşları Könül Qasımovanın əziz xatirəsini dərin hüznlə yad edib, gül dəstələri düzüblər.
Qeyd edək ki, Könül Qasımova 1970-ci ildə anadan olub. Dörd ildən çox BSU-nun Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışıb. Yüksək səviyyəli alim-mütəxəssis, sadə, səmimi , təvazökar insan, fəal və ləyaqətli vətəndaş kimi universitetin kollektivinin dərin hörmətini qazanmışdı. Onun işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Mətbuat Xidməti