Azərbaycan dünyanı birləşdirir

Ümumbəşəri bəla olan koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişdi və nəticədə yeni reallıqlar meydana çıxdı. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə ğörüşlərinin keçirilməsi, həmçinin dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etməsi bunun təsdiqidir.

Artıq çox qısa müddətdə 130 ölkədən bu təşəbbüsə gələn dəstək Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, artan nüfuzuna bir daha aydınlıq gətirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə  COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini önə çəkərək “Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” çağırışını etmişdir. Azərbaycanın pandemiyadan təkmil xilas modeli beynəlxalq səviyyədə təqdir olundu və bu gün əksər dövlətlər bu təcrübəmizdən istifadə edir. Nəzərə alsaq ki, COVID-19 dünya müharibəsi ilə eyniləşdirilir, bu halda onun fəsadlarını təsəvvür etmək çətin deyil. Xüsusilə yaddan çıxarmaq olmaz ki, bu müharibədə hücum taktikası deyil, özünütəcrid qələbəni şərtləndirən amil kimi müəyyənləşdirilib. İnsanların sağlamlığının təminatı əsas olsa da, hər bir dövlət öz təcrübəsinə və imkanlarına uyğun hərəkət edir. 

 Türk Şurasının Zirvə görüşündəki nitqində dövlətimizin başçısı İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü bir zamanda möhtərəm Prezidentimiz İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Zirvə görüşündəki nitqində “Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır” hədəfini açıqlamışdır. Bir-birinə əks qütblərdə dayanan dövlətlərin, beynəlxalq təşkilatların koronavirus infeksiyasına qarşı mübarızədə bir araya gəlməsi “Azərbaycan dünyanı birləşdirir” tezisini bir daha təsdiqlədi. Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşləri pandemiya dövründə təcrid yolunu seçən dünya ölkələri arasında əlaqənin yaradılmasında əhəmiyyətli rol oynadı ki, bu da öz növbəsində Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyinə işıq saldı. Bu tədbirlər ölkə Prezidentinin türk dünyasının və beynəlxalq aləmin birliyinə dəstəyi kimi dəyərləndirilməlidir. Bütün türk dünyasını, eyni zamanda, dünya dövlətlərini bir araya gətirən Azərbaycan müdrik addımları ilə, həmçinin dialoq siyasətinin tərəfdarı olduğunu nümayiş etdirdi. Azərbaycanın 120 ölkəni özündə birləşdirən, BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, ümumbəşəri problemlərin həllində rolunu artırmaq əzmində olduğunu xüsusi qeyd edən cənab İlham Əliyev bildirir ki, bu məsələlərin çözülməsində ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Qoşulmama Hərəkatının Zirvə ğörüşündə möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

 Dünyada sülhün, təhlükəsizliyin təminatçısı kimi tanınan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təsəbbüsü nə qədər böyük cəsarət və qətiyyət tələb edirdisə, bu işdə 130 ölkənin dəstəyi bir o qədər qürurvericidir, Azərbaycana beynəlxalq baxışın təqdimatıdır. Ədalətli mövqeyə, müstəqil siyasətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasətə, ən əsası dövlətinin, xalqının maraqlarını hər şeydən üstün tutan güclü liderə malik olan bir dövlətin qətiyyətli addımları qaçılmazdır. Azərbaycan, eyni zamanda, real həqiqətlərə, real faktlara əsaslanan ağıllı təbliğatına, əlverişli coğrafi mövqeyinə güvənərək dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, bu aktual çağırışı edir ki, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizm müəyyənləşdirilsin, bütün problemlərin, o cümlədən regional münaqişələrin həllində ədalət meyarı əsas götürülsün. Bu kimi məqamları nəzərə almaqla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının zəbt etdikləri ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Həmçinin dövlətimiz münaqişənin həllində bütün dövlətlərin potensial imkanlarından maksimum istifadəni qarşısına əsas vəzifə kimi qoyaraq BMT Baş Assambleyasının sessiyalarında problemin müzakirəsinə nail olub. Baxmayaraq ki, işğalçı Ermənistan və ona dəstək verən dövlətlər ölkəmizin bu mövqeyini münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun missiyasından imtina kimi təqdim etməyə çalışıblar. Görünür, Ermənistanın dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləməməsində bu amillər də əsas yer tutur. İşğalçı dövlət dərk edir ki, artıq yalanlarının ayaq tutub yeriməsi qeyri-mümkündür. Hər bir dövlətin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nin əsas prinsipidir. Diğər tərəfdən, işğalçı dövlət bu səbəbdən təşəbbüsü dəstəkləməyə utanıb ki, pandemiyadan xilas olmaq üçün heç bir təcrübəyə, modelə malik deyil. Hazırda Ermənistan pandemiyanın ən ağır nəticələrini yaşayan ölkədir. Burada virusa yoluxanların sayı pik nöqtədədir. İşğalçı dövlətin iqtisadi imkanlarının həddindən artıq aşağı səviyyədə olması vəziyyətdən xilas olmaq üçün hər hansı tədbiri həyata keçirməyi imkansız edir. Bu gün, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından ən çox yardım dilənən ölkə Ermənistandır. Düşünmək olar ki, dünyanı silkələyən koronavirus pandemiyasının başa çatmasından sonrakı dönəmdə beynəlxalq birlik ədalət meyarının mövcudluğunu etiraf edəcək, işğalçı dövlət əsassız iddialarına son qoyub imitasiya xatirinə deyil, əsl həqiqətdə danışıq masası arxasında oturacaq.

Yuxarıda qeyd etdiyimiz faktlar bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki müstəsna yerini və rolunu, qlobal və regional problemlərin həllində söz sahibi olduğunu bir daha göz önündə canlandırır. Ölkəmiz pandemiyadan əvvəlki dövrdə də müxtəlif beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunurdu. İqtisadi, siyasi, humanitar mərkəzə çevrilən Azərbaycan ötən il Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etmişdir. Həmin tədbirdə 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrlik etməsi barədə qərar qəbul olunmuşdur. Bu, Azərbaycana, möhtərəm Prezidentimiz İlham Əliyevə göstərilən böyük inam və etimadın bariz nümunəsi kimi təqdir edildi. Bütün beynəlxalq səviyyəli tədbirlərdə bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, Azərbaycan böyüklüyündən kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə və maraqlara əsaslanan siyasət həyata keçirir, tolerantliğı, multikulturalizmi həyat tərzinə çevirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, həmçinin 2015-ci ildə Azərbaycanin ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də ölkəmizin birliyə, həmrəyliyə verdiyi önəmin, dünyaya bu ciddi çağırışları etmək imkanlarına malik olduğunu nümayiş etdirdi.

Ümumbəşəri bəla olan koronavirus pandemiyası dövlətlər, xalqlar arasında birliyin, həmrəyliyin vacibliyini bir daha aktuallaşdırdı. Türk Şurasının, daha sonra Qoşulmama Hərəkatının videoformatda “COVID-19-a qarşı birlikdəyik” devizi altında Zirvə görüşlərinin ardınca möhtərəm Prezidentimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü Azərbaycanın dünyaya birlik, həmrəylik çağırışlarının davamı, tərkib hissəsidir. Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın bu təşəbbüslərinə verilən dəstək ölkə Prezidentinin şəxsi nüfuzunun, liderlik keyfiyyətlərinin və uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirilir. Belə bir addımın atılmasına görə istər keçirilən videoformat şəklində Zirvə görüşlərində, istərsə də dövlətimizin başçısına ünvanlanan məktublarda hörmətli Prezidentimizə təşəkkürlər ifadə olunur, belə çətin dövrdə Azərbaycanla yanaşı, bütün dövlətlərin diqqətdə saxlanılması, ehtiyacı olanlara humanitar yardımların göstərilməsi liderlik keyfiyyətinin təcəssümü kimi qəbul olunur. Azərbaycanın artıq regional çərçivədən beynəlxalq müstəviyə çıxaraq əməkdaşlığa davamlı töhfələr verməsi həyata keçirilən siyasətin uğuru kimi qeyd edilir. BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatının Zirvə görüşündə bildirmişdir ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz: “Biz BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərlik aradan qaldırılsın. Bunun üçün biz daha güclü və dayanıqlı sistem yaratmalıyıq. Eyni zamanda, biz görürük ki, inkişafda olan bir sıra ölkələrin borcları çox kəskin şəkildə artır. Bunlardan irəli gələrək bildirmək istəyirik ki, biz cari böhranın lap ortasındayıq. Bir çox ölkələr, həmçinin öz həllini tapmayan silahlı münaqişələrdən əziyyət çəkir, münaqişələr dayandırılmalıdır. Biz bununla bağlı BMT-nin Baş katibi adından qlobal miqyasda atəşkəsin təmin edilməsi üçün çağırış etmişik. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik.” BMT-nin Baş katibi Antonio Quterreş isə Zirvə görüşü iştirakçılarına videomüraciətində vurğulamışdır ki, COVID-19 cəmiyyətlərimizin və iqtisadiyyatlarımızın sarsıntı qarşısında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşəbbüslərindən irəli gələn bu birliyin, həmrəyliyin əhəmiyyətini belə dəyərləndirir: “Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik. Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un qarşısının alınmasında çox vacibdir. Ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin qurulması olduqca önəmlidir. Ona görə dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək biz insanları və millətləri bu səylərdə birləşdirməliyik.”

Təbii ki, bu kimi çağırışları, Azərbaycanın təşəbbüslərinə dəstəyi ifadə edən fikirləri daha şox qeyd edə bilərik. Əsas olan budur ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün, pandemiyanın geniş yayıldığı və mübarizənin daha dərinləşdirildiyi bir zamanda da yalnız özünü deyil, dünyanı düşünür. Məhz buna görədir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Azərbaycan Prezidentinin artıq regional liderlik səviyyəsini aşaraq dünya liderliyi keyfiyyətinə yüksəldiyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də dövlətimizin başçısının beynəlxalq nüfuzunun yüksəlməsinə müsbət təsir edən amillər sırasındadır.

Bu məqamı da xüsusi qeyd etməliyik ki, keçirilən Zirvə görüşləri Azərbaycanın pandemiya dövründə görüdyü işlərin, tətbiq etdiyi təkmil təcrübənin təqdimatı oldu. Bu gün koronavirusa qarşı mübarizədə hər bir dövlətin həyata keçirdiyi tədbirlərin diqqətdən keçirilməsi, səylərin birləşdirilməsi əsas müzakirə mövzusudursa, Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin də etiraf etdikləri kimi, təqdirəlayiqdir. Özünütəcrid bu bəlaya qarşı mübarizədə əsas amil kimi qəbul olundu. Dövlətimizin başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına ölkə vətəndaşları mütəşəkkilliklə cavab verdilər. Dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsi fonunda ölkəmiz bu bəlaya qarşı mübarizənin birinci mərhələsindən uğurla çıxdı. Dövlətimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir, sağlamlığımızın keşiyində dayanan həkimlərimiz xəstələrimizin tez sağalıb əvvəlki həyatlarına qayıtmaları üçün bütün qüvvə və bacarıqlarını səfərbər edir, polislərimiz karantin qaydalarının pozulmaması üçün səylə çalışırlar. Məhz bu birliyin yaradılması fonunda sabaha böyük ümidlə baxırıq.

Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və həmin əlaqələr bu gün də davam etməkdədir. Qurumun ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Ölkəmiz dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir. Bu gün həmin inam və etimad BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstəkdə də özünü qabarıq şəkildə büruzə verir. Bu reallıq bir daha təsdiqlənir ki, səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik. Reallıq budur ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoyub. Hər bir dövlət bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərir. Təbii ki, Azərbaycanın təkmil təcrübəsi, malik olduğu imkanlar, inkişaf modeli onun bu çətin məqamda da digər dövlətlərə öz dəstəyini göstərməsinə rəvac verir. Amma cənab İlham Əliyev bu dəstəkdən, birlik, həmrəylik çağırışlarından bəhs edərkən özü-özlüyündə yaranan “Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi?” sualına qısaca olaraq “Yox” söyləməklə bunu belə əsaslandırır ki, kim bizə irad tuta bilərdi, hətta bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq: “Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilir, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım dilənir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir.”

Azərbaycanın ümumbəşəri bəlaya qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımıza bütün müraciətlərində koronavirusdan xilas olmağın ən adi qaydalarına riayət edilməsinə çağırışlar olunur. Mehriban xanım Əliyevanın “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!” kimi çağırışları hər bir ananın ürəyindən keçən çağırışdır. Mehriban xanım Əliyeva bildirir ki, bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq-özünütəcrid rejiminə riayət etməkdir. Bu əminlik də ifadə olunur ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Həmin gün uzaqda deyil.

Dövlətimizin başçısının təşəbbüsü ilə videoformatda keçirilən Türk Şurasının, eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə görüşlərində Azərbaycanın hər bir sahədə qazandığı uğurlara diqqət yönəldilərək, təkmil islahatların, yeniliyə meyilliliyin nə kimi uğurlara yol açdığı və bu fonda COVID-19-a qalib gəlmək imkanlarımız xüsusi qeyd olunmuşdur.

Pandemiya hər bir ölkənin yeni texnologiyaların inkişafı istiqamətində əldə etdiyi uğurlara da işıq salır. Hər sahədə nümunəvi olan Azərbaycan bunu da dünyaya nümayiş etdirdi. Qeyd edilən Zirvə görüşlərinin keçirilməsi məhz ölkəmizdə yeni texnologiyaların inkişafına əsaslanır. Pandemiya özünütəcridə çağırış olduğu üçün istər orta, istərsə də ali təhsil müəssisələrində distant təhsilə üstünlük verilməsi ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Əsas olan budur ki, hər dövrün, zamanın tələbinə uyğun olaraq təkmilləşmə həyata keçirilir, bu isə öz növbəsində heç bir dövlətin sığortalanmadığı müəyyən çətinliklər yarananda öz rolunu aydın şəkildə nümayiş etdirir. Yəni çətinliklərə qalib gəlmək hərtərəfli inkişafa əsaslanan amillərlə bağlıdır.

Bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunan mövzular sırasında dövlətimizin başçısı cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünun 130 dövlətin böyük dəstəyini qazanmasıdır. Bu əminlik ifadə edilir ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu, qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycan beynəlxalq birliyin fəal üzvü kimi daim öz sözünü deyir, hər bir məsələnin həllində vahid yanaşmanın müəyyənləşdirilməsinin birlikdən, həmrəylikdən asılı olduğunu açıqlayır.

Nurlana Əliyeva,

Yeni Azərbaycan Partiyası

İdarə Heyətinin üzvü,

partiyanın Qadınlar Şurasının sədri, Bakı Slavyan

Universitetinin rektoru,

filologiya elmləri doktoru,

professor