Bakı Slavyan Universitetində yaz semestrinin imtahan sessiyası onlayn formada keçirilir

İyunun 10-da Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Qeyd edək ki, BSU-da yaz semestrinin imtahan sessiyası onlayn formada, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarında, eləcə də Təhsil Nazirliyinin müvafiq əmr, təlimat və tövsiyə  məktublarında göstərilən tələblərə riayət olunmaqla təşkil edilir. 

 BSU-nun Mətbuat Xidmətindən verilən məlumata görə, universitetin rektoru, professor Nurlana Əliyeva 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessi­yasını  mövcud qaydalara, Təhsil Nazirliyinin Ko­ro­navirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssi­sələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə göstəriş və tövsiyələrə uyğun təşkil etmək, tələbələrin biliyinin qiy­mətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb. Həmin əmrə əsasən, yaz semestrinin imtahan sessiyasının mövcud normativ sənədlər, Elmi Şuranın 22 may 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş təkliflər və bu təkliflərə  Təhsil Nazirliyinin razılıq məktubu əsasında təşkilinin müvafiq  strukturlar tərəfindən təmin edilməsi haqqında 5 iyun 2020-ci il tarixli 21 saylı əmr verilmişdir. Yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələr tərəfindən edilən müraciətlərin çevik araşdırılması məq­sədilə universitet rəhbərliyinin, univer­si­tetdə fəaliy­yət göstərən valideyn şuralarının, tələbə gənclər təşki­latları və şuralarının, mətbuat xidmətinin və ictimaiyyətin nüma­yəndələrindən ibarət İmtahan Qərar­gahı  yaradılıb. İmtahan Qərargahına edilən müraciətlərə operativ yanaşma təmin edilib, onlayn formatda təşkil olunmuş magistr dissertasiyalarının müdafiəsi zamanı qiymətdirmənin nəticəsi ilə razılaşmayan magistrların, Ümumi Orta Müvəffəqiyyət Çöstəricisi (ÜOMG) əsasında Yekun Buraxılış Dövlət Attestasiyasından keçən məzunların, ÜOMG-yə uyğun aparılmış aralıq qiymətləndirmə ilə razılaşmayan I-III tədris ili tələbələrinin onlayn şəkildə imtahan vermələrinə şərait yaradılıb. Qiymətləndirmənin nəticələrindən narazı qalan tələbələr universitet üzrə Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Yaz semestrinin imtahan sessiyası müddətində magistr dissertasiyalarının ixtisaslaşdırılmış müdafiə şuralarında onlayn formada müdafiəsinin təşkili məqsədilə ayrılmış otaqlar texniki təhcizat vasitələri ilə təmin edilib, magistr dissertasiyalarının onlayn formatda təşkil ediləcək müda­fiəsini həyata keçirən ixtisaslaşdırılmış müdafiə şuralarının və Yekun Buraxılış Dövlət Attestasiya komissiyalarının tərkibi mümkün qədər yaşı 65-ə çatmamış müəllimlərin sırasından müəyyənləşdirilib.  Əmrə əsasən, distant təhsilə qoşulmayan və qismən qoşulan tələbələr üçün 10 avqust-10 sentyabr 2020-ci il tarixlərində ödənişsiz onlayn icmal mühazirələrinin, məsləhət saatlarının və seminarların təşkil olunması, onlayn dərslərə  tam şəkildə qoşul­duqları seminarlarda iştirak etdikləri halda tələbələrin aralıq qiymətlən­dirilmədən azad olunması nəzərdə tutulub. Əmrdə həmçinin təkrar ali təhsil alan II-III tədris ili tələbələrinin istisnasız olaraq 10 avqust – 10 sentyabr 2020-ci il tarixlərində təşkil oluna­caq ödənişsiz onlayn dərslərdə iştirakının təmin edilməsi, onlayn dərslərə  tam şəkildə qoşulduqları halda onların aralıq qiymətlən­dirilmədən azad olunmaları, həmin tələbələrin imtahan ballarının cari qiymət­ləndirmə ballarına bərabər tutul­ması, 1-2 akademik borcu olan məzunların akademik borclarının ləğv olunması, 10-14 sentyabr 2020-ci il tarixlərində tələbələrə fənni (fənləri) tək­rar dinləmədən ödənişsiz qaydada kredit borclarını ləğv etmək imkanının verilməsi, yaz imtahan sessiyası üzrə cari və aralıq qiymətləndirmə bal­larının cəmi 90-a bərabər olan tələbələrin yekun balının 91 bal hesab edilməsi, əksini tapıb. Yaz semestrinin imtahan sessiyasında  universitet rəhbərliyi tərəfindən tələbələrə yüksək güzəştlər edilməsi onlar tərəfindən razılıqla qarşılanıb. Distant təhsilə qoşulan tələbələrin imtahanaqədərki fəaliyyətinin nəzərə alınması, bütün tələbə heyətinin onlayn dərslərə qoşulması üçün universitet tərəfindən bütün imkanların səfərbər olunması qarşıdakı tədris ilində tələbə və müəllimlərin distant tədris formasından daha səmərəli və sıx istifadəsi üçün ciddi motivasiya yaradır. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Qeyd etmək lazımdır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus infeksiyası ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara, irəli sürdüyü tələblərə uyğun olaraq BSU-da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davamlı həyata keçirilməsi, universitet əməkdaşlarının şəxsi gigiyena qaydalarına, sosial məsafə saxlamalarına ciddi riayət etmələri diqqət mərkəzində saxlanılır. İmtahan sessiyasının iyulun 10-da başa çatdırılması, yeni şəraitə və müvafiq qaydalara uyğun olaraq, yaz semestri üzrə aralıq qiymətləndirmənin  növbəti  tədris ilinin  başlanğıcınadək  aparılması  nəzərdə  tutulur.

Mətbuat Xidməti