Bakı Slavyan Universitetinin dosenti Yaşar Alxasov Puşkinə həsr olunmuş beynəlxalq vebinarda iştirak edib

Hər il iyunun 6-sı böyük rus şairi A.S. Puşkinin doğum günü, Beynəlxalq Rus Dili Günü kimi qeyd olunur. Bu gün bütün dünyada Puşkinsevərlər onun dilində bir-birlərini təbrik edir, şairin şeirlərini oxuyur və yaradıcılığından söz açırlar.

İyunun 6-da Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının, Altair Akademiyasının və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin birgə təşkilatçılığı ilə Qazaxıstan, Rusiya, Türkiyə, Qırğızıstan, Azərbaycandan olan alim və müəllimləri bir araya gətirən vebinar keçirilib.

Vebinar iştirakçılarını Rusiyanın Qazaxıstandakı Səfirliyinin müşaviri Aleksey Koropçenko, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru, Qazaxıstan Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının prezidenti Eleonora Süleymenova və digərləri salamlayıb və onları bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Vebinar zamanı Nur-Sultan şəhər 59 nömrəli məktəb-liseyin 1-ci sinif şagirdi Amal Aysarov, Nur-Sultan şəhər 37 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdi Ayajan Altınbayeva, Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksinin 6-cı və 3-cü sinif şagirdləri Murad Alxaslı və Elmir Alxaslının A.S. Puşkin yaradıcılığı barədə çıxışları iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Nursulu Şaymerdenova və həmin universitetin dosenti Cemma Amanjolova, Qırğız Milli Universitetinin professoru Nuran Axmetova, eləcə də Türkiyədən beynəlxalq “Puşkin” medalının laureatları – professor Zinaida Sabitova, dosent Valentina Narojnaya, Qazaxıstandan dosent Maynura Buribayeva,  Azərbaycandan BSU-nun Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov təmsil etdikləri ölkədə və dünyada rus dilinin inkişafına dair məruzələrlə çıxış ediblər.

Dosent Yaşar Alxasov çıxışında BSU-nun fəaliyyəti və Azərbaycanda, eləcə də digər ölkələrdə rus dilinin qorunub saxlanılmasında və inkişafındakı rolundan ətraflı danışıb.

Mətbuat Xidməti