BSU-da koronavirusla bağlı maarifləndirici tədbir keçirilib

     Fevralın 24-də Bakı Slavyan Universitetində (BSU) Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının təşkilatçılığı ilə son vaxtlar dünyanın bir çox ölkəsində yayılmış infeksion xəstəlik olan koronavirusla bağlı maarifləndirici tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işlər üzrə prorektoru Xanım Sultanova bildirib ki, yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ali və orta ixtisas təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaradıb. Prorektor X.Sulatonova qeyd edib ki, BSU-da rəhbərlik tərəfindən tibbi-profilaktik tədbirlərlə bağlı işçilər, tələbə və valideynlər arasında maarifləndirmə işləri həyata keçirilir.

     Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziologiya kafedrasının müəllimi Vüsalə Həsənova, həmin kafedranın müəllimi, Ömür Klinikasının həkimi Səadət Qəmbərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən koronavirus və onunla mübarizə metodları haqqında əhali arasında maarifləndirmə işlərinin aparıldığını, respublikada, eləcə də sərhəd-keçid məntəqələrində profilaktik tədbirlərin gücləndirildiyini söyləyib. Çıxışçılar koronavirus nədir, bu virusun yoluxma yolları, törədicisi, simptomları, virusa qarşı həyata keçirilən profilaktik tədbirlər, xəstəliyin müalicəsi və vaksin haqqında geniş məlumat veriblər. Tədbirdə xəstə insanlarla təmas zamanı və digər hallarda əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul etmək kimi profilaktik tədbirlərin mütəmadi aparılmasının önəminə toxunulub.

     Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb, koronavirusdan müdafiə yolları ilə bağlı bir sıra tövsiyələr verilib.

Mətbuat Xidməti