Azərbaycan filologiyası fakültəsində Xocalı soyqırımına həsr olunmuş tədbir

   

     Fevralın 26-da Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsində Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

     Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Tədbiri giriş sözü ilə açan Azərbaycan filologiyası fakültəsinin dekanı,  professor Eldar Piriyev Xocalı soyqırımı nəticəsində 613 nəfər Azərbaycan vətəndaşının vəhşicəsinə öldürüldüyü, yüzlərlə azərbaycanlının yaralandığını bir daha iştirakçıların diqqətinə çatdırıb. Xocalı faciəsini tarixdə görünməmiş vəhşilik və terror aktı kimi səciyyələndirən professor Eldar Piriyev soyqırımı qurbanlarının xatirəsini ürəkağrısı ilə yad edib, gəncləri öz qan yaddaşlarını unutmamağa səsləyib.

     Sonra Azərbaycan filologiyası fakültəsinin I tədris ili tələbələri Nərgiz Ağasoy və Elnar Həsənli Xocalı soyqırımına həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim ediblər.

     Tədbirin sonunda Azərbaycan filologiyası fakültəsinin tələbələrinin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Mətbuat Xidməti