Nəsimi rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd edilib - FOTOLAR

     “Romance Palace”da Nəsimi rayon gənclərinin 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Gənclər tədbirinə rayonun elm, təhsil,mədəniyyət, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunub.

   

     Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyib: “Odur ki, ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük önəm verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Azərbaycan Respublikasının Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir”.

   

   

     Tədbirdə çıxış edən digər şəxslər ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar

     Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsil, elm, idman, mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub. Fərqlənən gənclər sırasında Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cəfər Adilov da olub. TGT sədrinə Fəxri Fərmanı Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı təqdim edib, gənclərlə xatirə şəkli çəkdirib.

   

     Bayram tədbirində gənclər 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə hazırlanmış tortu kəsib, daha sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin istedadlı tələbələrinin, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin və incəsənət ustalarının iştirak etdiyi böyük konsert proqramı ilə başa çatıb.

Mətbuat Xidməti