BSU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib

   

     Yanvarın 17-də Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib. Mediaturda təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BSU-nun İctimai Etimad Şurasının sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov,  təhsil eksperti Kamran Əsədov, “Azərbaycan”, “Azərbaycan müəllimi”, “İki sahil”, “Səs”, “Kaspi”, “Təzadlar” qəzetlərinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), Trend İnformasiya Agentliyinin, Mektebgushesi.az, Tehsilpress.az internet saytlarının əməkdaşları iştirak ediblər.

   

     Mediatur iştirakçılarını əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Rektor Nurlana Əliyeva qeyd edib ki, “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” deyən ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev insan kapitalının inkişafına, insan potensialının ön plana çıxarılmasına böyük diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva elm və təhsilin inkişafına misilsiz töhfələr verir. BSU-nun kollektivi bu diqqət və qayğıdan ruhlanaraq daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərir. Çıxışına davam edən rektor media nümayəndələrinə BSU-da həyata keçirilən mədəni-kütləvi tədbirlər, respublika və beynəlxalq miqyaslı elmi konfranslar, tədris və imtahan prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, insan resurslarının inkişaf etidirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, ikili diplomların tətbiqi ilə bağlı xarici universitetlərlə aparılan iş, eləcə də imtahan sessiyasına hazırlıq barədə geniş məlumat verib. Rektor Nurlana Əliyeva bildirib ki, Təhsil naziri cənab Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrə əsasən, BSU-da müvafiq əmr imzalanıb. Həmin əmrdə 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının tədris planlarına uyğun olaraq 7 yanvar-1 fevral 2020-ci il tarixlərində keçirilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmin edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələrin müraciətlərinə yerindəcə çevik şəkildə baxılması məqsədilə universitet rəhbərliyinin, valideyn şuralarının, tələbə ictimai təşkilatlarının, Mətbuat Xidmətinin və ictimaiyyətin nümayəndələrinin tərkibinə daxil edildiyi 15 nəfərdən ibarət İmtahan Qərargahının yaradılması öz əksini tapıb. Fakültələrdə yaradılmış Apelyasiya komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinə yenidən baxılması məqsədilə BSU-da 12 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb. Eyni zamanda imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli şəkildə tərtib edilməsi üçün BSU-nun I tədris binasında 7 nəfərdən ibarət, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac yarandığı təqdirdə Apelyasiya Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulub. BSU-da imtahan prosesi çevik, mütəşəkkil, şəffaf və obyektiv keçirilir. İmtahanlar vaxtında başlayır, tələbələrə öz bilik səviyyələrini nümayiş etdirmək üçün hər cür şərait yaradılıb. Yazılı imtahanların nəticələri növbəti gün, şifahi imtahanların nəticələri isə imtahanda elan edilir. İmtahan sessiyasının şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi üçün fakültə dekanları, kafedra müdirləri və digər müvafiq struktur bölmə rəhbərləri qarşısında konkret vəzifələr qoyulub. İmtahanların keçirildiyi auditoriyalar tam hazırlıqlı vəziyyətə gətirilib, auditoriyalarda səliqə-sahman təmin edilib, müşahidə kameraları quraşdırılıb. Auditoriyalardakı “ağıllı lövhələr”də imtahanlarla bağlı məlumatlar öz əksini tapır. İmtahan prosesinə nəzarət edən nəzarətçi-müəllimlər, İmtahan Qərargahının və Apelyasiya Komissiyasının üzvləri onlara tapşırılmış vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Tələbələrin İmtahan Qərargahına və Apelyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli araşdırılır. Tələbələrin müraciətlərinin araşdırılmasına yoxlayıcı müəllimlərlə yanaşı, fənni tədris edən müəllimlər də cəlb edilir ki, bu da qiymətləndirilmənin obyektivliyini təmin edir.

   

   

     Rektor imtahan sessiyası ərəfəsində hər bir tədris ilinin tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib, məsləhət saatlarının keçirildiyini qeyd edib. Rektor vurğulayıb ki, bütövlükdə payız semestrinin imtahan sessiyası uğurla davam edir.

     Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov media təmsilçilərinin imtahan prosesi ilə bağlı suallarını cavablandırıb.

  

     Sonra mediatur iştirakçıları İmtahan Qərargahının və Apelyasiya Komissiyasının fəaliyyəti ilə tanış olublar. Media nümayəndələrinə İmtahan Qərargahının və Apelyasiya Komissiyasının iş prinsipləri, tətbiq olunan yeniliklər, müraciətlərin qəbul edilməsi, cavablandırılması qaydaları və s. barədə ətraflı məlumat verilib. Bildirilib ki, İmtahan Qərargahı imtahandan öncə, yəni saat 08:30-da işə başlayır. Tələbələrin müraciətlərinə onların özlərinin və arzuladıqları təqdirdə valideynlərinin iştirakı ilə baxıldığı, buraxılmış səhvlərin bir-bir izah edildiyi, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyi vurğulanıb. İmtahanlarla bağlı müraciətlərə əvvəlcə fakültələrdə fəaliyyət göstərən Apelyasiya komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Apelyasiya Komissiyasında baxıldığı bildirilib. Hər gün saat 10:00-dan 13:00-a qədər tələbələrin müraciətləri qərargahda qəbul edilir. Saat 14:00-dan etibarən müraciətlərə baxılır.

   

     Sonra mediatur iştirakçıları imtahanlar keçirilən auditoriyalarda olaraq imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, “ağıllı lövhələr”in də iş prinsipləri ilə tanış olublar.

     Mediatur iştirakçıları ilə söhbət zamanı tələbə-gənclər şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər.

     Mediaturun sonunda “Azərbaycan müəllimi” qəzetinin müxbiri Niyazi Rəhimov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, baş redaktorun müavini Elçin Məmmədli, Tehsilpress.az saytının baş redaktoru Əkbər Hüseynzadə, Mektebgushesi.az saytının baş redaktoru Məzahir Məmmədli və başqaları BSU-da keçirilən imtahanlarla bağlı müsbət fikirlər səsləndirib, tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirərək BSU-nun rektoru, professor Nurlana Əliyevaya yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıq ediblər.

Mətbuat Xidməti