BSU rektorunun təbriki

           

Bakı Slavyan Universitetinin rektoru,

professor Nurlana Əliyevanın

31 Dekabr – Dünya Azərbaycanlılarının

Həmrəyliyi Günü və Yeni il münasibətilə

                                                                                                                                                                                                                             

TƏBRİKİ

                       

           Çox hörmətli professor-müəllim heyəti, əziz tələbələr və əməkdaşlar!

     Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailənizə rifah, əmin-amanlıq, səadət, elm və təhsildəki fəaliyyətinizdə böyük nailiyyətlər arzulayıram.

     Təməli müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın və bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzidir. Ümummilli bayram kimi qeyd etdiyimiz bu günün məzmun və mahiyyətində xalqımıza, millətimizə mənsubluq, ulu öndərimiz Heydər Əliyevin müstəqil dövlətimizin milli ideologiyası kimi rəsmiləşdirdiyi azərbaycançılıq ideologiyasına və yüksək milli-mənəvi dəyərlərimizə sədaqət hissi dayanır.

     Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xalqımızın böyük oğlu, dahi lideri Heydər Əliyevin müdrik siyasi kursunu, strateji dövlətçilik konsepsiyasını çox uğurla davam etdirməsi nəticəsində doğma Azərbaycanımız həyatımızın bütün sahələrində sürətlə inkişaf edir, yeniləşir, müasirləşir. Dövlət başçımızın möhkəm iradəsi və mütərəqqi siyasəti sayəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı struktur, kadr və sosial-iqtisadi islahatlar idarəetmə sisteminə keyfiyyət dəyişikliyi, yeni ruh və yeni nəfəs gətirir. Eyni zamanda, xalqın və dövlətin maraqlarına, milli mənafeyinə xidmət edən bu islahatlar dövlət idarəçiliyində səmərəliliyi və müasirliyi təmin edir. Azərbaycanın iqtisadi, hərbi gücü, qüdrəti artır, beynəlxalq siyasi təsir dairəsi daha da genişlənir. Fevral ayının 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkisi də bu islahatların tərkib hissəsidir və Azərbaycan cəmiyyətinin yenilənməsinə xidmət edir. Ləyaqətlə yola salacağımız  2019-cu il bütövlükdə həyatımıza dinamik inkişaf və mütərəqqi islahatlar ili kimi, bütün dünyada Azərbaycanımızın – Dövlətimizin, xalqımızın mütərəqqi fəaliyyətinin zirvəsi kimi daxil olmuşdur.

     Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın qurucu və yaradıcı iradəyə, sağlam və müasir düşüncəyə malik gəncliyinə xüsusi diqqət və qayğı göstərir, onların yüksək səviyyədə təhsil almalarına, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında fəal iştirak etmələrinə, dövlət idarəçiliyində layiqincə təmsil olunmalarına əlverişli şərait yaradır.

     Cənab İlham Əliyev qədirbilən xalqımızın və eləcə də bütün dünya azərbaycanlılarının böyük məhəbbətlə sevdiyi, çoxşaxəli fəaliyyətinə çox yüksək dəyər verdiyi yenilikçi, qurucu, islahatçı, parlaq dühalı lideri, müdrik, uzaqgörən, qayğıkeş dövlət başçısıdır.

     Azərbaycan Prezidenti cənab İlham Əliyevin ömür-gün yoldaşı, sədaqətli məsləkdaşı, qadınlıq, analıq, xeyirxahlıq, alicənablıq mücəssəməsi olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin müasir dünya standartlarına uyğun inkişaf etməsi, beynəlxalq mövqeyinin daha da güclənməsi üçün fədakarcasına fəaliyyət göstərir. Azərbaycanın ali təhsil sistemində özünün sanballı nüfuzu və mövqeyi olan, dövlətimizin beynəlxalq siyasətinin məqsədinə, məzmununa uyğun fəaliyyət göstərən, yenilikçi elm və təhsil ocağı sayılan Bakı Slavyan Universitetinin kollektivi cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından daim ruhlanaraq öz fəaliyyətini müasir tələblər səviyyəsində qurmağa çalışır.

     Əziz dostlar! Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, yeni-yeni möhtəşəm nailiyyətlər, sonsuz uğurlar  arzulayıram.