Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Sergey Stepanov BSU-da olub

      Qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bu münasibətlə dekabrın 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri cənab Sergey Stepanov Bakı Slavyan Universitetində (BSU) olub.

                                              

     BSU-nun rektoru, professor Nurlana Əliyeva cənab Sergey Stepanovu rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib, universitetin fəaliyyət istiqamətlərindən, Azərbaycanda rus dilinin inkişafına verdiyi töhfələrdən söz açıb. Professor Nurlana Əliyeva  Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin genişlənməsində BSU-nun mühüm rola malik olduğunu diqqətə çatdırıb. BSU-da rus dili və ədəbiyyatının tədrisi üzrə tarixi ənənələrin olduğunu bildirən rektor hazırda universitetin bir çox xarici ölkələrin ali məktəbləri ilə də sıx əməkdaşlıq etdiyini deyib.

                                             

     Rusiyanın Azərbaycandakı səfirinin müşaviri cənab Sergey Stepanov görüşdən razı qaldığını bildirib, universitetin kollektivini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, tədris və elmi fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Görüş zamanı cənab Sergey Stepanov səfirlik tərəfindən hazırlanmış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev-şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisini rektor Nurlana Əliyevaya hədiyyə edib.

                                            

     Sonra cənab Sergey Stepanov BSU-da Yeni il münasibətilə təşkil edilən bayram süfrəsinin qonağı olub.

     Klassik musiqinin müşayiəti ilə davam edən görüş hamıda xoş ovqat yaradıb.

Mətbuat Xidməti