BSU-da şair-yazıçı Süleyman Hüseynovla görüş keçirilib

     Dekabrın 26-da Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsində şair-yazıçı Süleyman Hüseynovla görüş keçirilib.

   

     Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva Süleyman Hüseynovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. S. Hüseynovun povest və romanları, tərcümələri, rus dilində çap olunan şeirləri barədə ətraflı danışan dosent G.Əliyeva yazıçının "And" romanı haqqında da fikirlərini görüş iştirakçıları ilə bölüşüb.  Süleyman Hüseynovun rus dilinə, həmçinin özbək dilinə tərcümə olunmuş əsərlərinin “Müasir Azərbaycan poeziyası antologiyası"na daxil edildiyini deyən dosent G. Əliyeva yazıçıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

     

     Tədbirdə çıxış edən  Əməkdar artist  Nazir Rüstəmov və jurnalist Rəhman Orxan S. Hüseynovun poeziya yaradıcılığını və nəsr əsərlərini geniş təhlil edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. 

     Filologiya və xarici dil müəllimliyi fakültəsinin II tədris ili tələbələrindən  Leyla İsrafilova “На банкете”,  Xanımbacı Əliyeva “В этом мире”, Lamiyə Mustafayeva “Постарел”,  Elmira Şərəfəddinova “Восхищение”, Aysu Zamanova “Да, счастье  я знал”, Mədinə Axundova “Звезда любви”, Ebru Ağayeva “Oт любви до ненависти”   şeirlərini,  Mədinə Yusifzadə və Gülnar Mikayilova isə “And” romanından parçalar  səsləndiriblər.

     Tədbirin sonunda görüşlə bağlı xoş təəssüratlarını bölüşən S.Hüseynov yaradıcılığına göstərilən diqqətə görə BSU-nun rəhbərliyinə, fakültənin kollektivinə və tələbə-gənclərə  minnətdarlığını bildirib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

Mətbuat Xidməti