BSU-da Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

  

     Dekabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

  

     Tədbiri giriş sözü ilə açan BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova Azərbaycan təhsilinin böyük nailiyyətlərlə zəngin tarixi bir yol keçdiyini deyərək bildirib ki, Azərbaycanın maarif, təhsil tarixinə şanlı səhifələr yazmış Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin keçdiyi şərəfli yolun bu gün gənclər tərəfindən dərindən öyrənilməsi milli ənənələrin yeni məzmunda yaşadılması baxımından çox gərəklidir. Dosent Sevinc Axundova çıxışında Qori Müəllimlər Seminariyasının xalqımıza bəxş etdiyi görkəmli simalardan da söz açıb. S.Axundova bildirib ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi tərəfindən XIX sonu - XX əsrin əvvəllərində azərbaycanlılardan ibarət  müəllim kadrları hazırlamaq sahəsində mühüm işlər görülüb.

  

     Sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında videoçarx təqdim olunub.

     Tədbirdə Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Svetlana Balakişibəyli “Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin açılması” mövzusunda, kafedranın müəllimlərindən Vüsalə Qurbanova “Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru O.A.Çernyayevski”  mövzusunda, Səbinə Cəfərova ”Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ilk məzunu S.Vəlibəyov” mövusunda məruzələrlə çıxış ediblər. Çıxışçılar bildiriblər ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Azərbaycanda xalq məktəbinin yayaranması və maarifçiliyin  inkişafında  müstəsna  xidmətləri  olmuşdur. Bu seminariyanı bitirmiş məzunların böyük əksəriyyəti Azərbaycanın ucqar qəza və kəndlərinə gedərək orada pedaqoji fəaliyyət göstərmiş,xalq kütlələri arasında savadyayaraq onları cəhalətin, geriliyin  əsarətindən  qurtarmağa  çalışmışdılar.

  

     Sonra BSU-nun tələbələri  Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin məzunlarından olan Səfərəli bəy Vəlibəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli və digərlərinin maarifçilik barədə qiymətli fikirlərini səsləndiriblər.

  

     Daha sonra Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Həyat Abdullayeva  “Nəriman Nərimanovun pedaqoji fəaliyyəti”, kafedranın müəllimi Aynur Qasımova “Rəşid bəy Əfəndiyevin pedaqoji fəaliyyəti”, Pedaqoji fakültənin tələbəsi Şəfəq Əliyeva “Üzeyir Hacıbəyovun pedaqoji fəaliyyəti” haqqında çıxış ediblər.

Mətbuat xidməti