Xəbər verdiyimiz kimi, dekabrın 13-də Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının təşəbbüsü, Bakı Slavyan Universitetinin (BSU) dəstəyi və təşkilatçılığı ilə BSU-da “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda beynəlxalq elmi-praktik seminarın açılış mərasimi keçirilib. Məlumat üçün bildirək ki, bu elmi-praktik seminarın yüksək səviyyədə təşkili və keçirilməsi üçün BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq əmri ilə 18 nəfərdən ibarət İşçi qrupu yaradılıb.
Beynəlxalq elmi-praktik seminarda Rus Humanitar Missiyasının rəhbəri Aleksey Polkovnikov, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının Baş katibi Natalya Brunova, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası Katibiyinin direktoru, pedaqoji elmlər namizədi Aleksandr Korotışev, Moskva Şəhər Universitetinin Xarici Dillər İnstitutunun professoru, pedaqoji elmlər doktoru Qalina Lyovina, Moskva Pedaqoji Dövlət Universitetinin Təhsildə fənlərarası filoloji layihələr laboratoriyasının müdiri, pedaqoji elmlər doktoru, dosent Olqa Drozdova və digər tanınmış və nüfuzlu alim-mütəxəssislər iştirak ediblər. Seminarda həmçinin Azərbaycanın ali məktəblərinin, orta məktəblərinin və liseylərin rus dili müəllimləri iştirak ediblər.
İki gün davam edən beynəlxalq elmi-praktik seminar dekabrın 14-də Moskva Pedaqoji Dövlət Universitetinin Təhsildə fənlərarası filoloji layihələr laboratoriyasının müdiri, pedaqoji elmlər doktoru, dosent Olqa Drozdovanın mühazirəsi ilə yekunlaşıb. Mühazirədə rus dilində təhsilin özəllikləri, dərs prosesində istifadə edilən üsullar və vasitələr, mövzunun mənimsənilməsində qarşıya çıxan çətinliklər, ədəbi dil normalarına riayət edilməsi, şagirdlərin şifahi və yazılı nitq mədəniyyətinin formalaşdırılması, dərs prosesində anlaşılan terminlərin seçilməsi və digər mühüm məqamlar öz geniş əksini tapıb.
Maraqlı və fəal diskussiya şəraitində keçən mühazirədə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov, Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov və digərləri çıxış edərək təqdimatı yüksək qiymətləndiriblər.
Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının Katibiyinin direktoru, pedaqoji elmlər namizədi Aleksandr Korotışev beynəlxalq elmi-praktik seminarın yüksək səviyyədə təşkilinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib və gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inamını ifadə edib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Mətbuat xidməti