BSU-nun nümayəndələri Minskdə keçirilən beynəlxalq konqresdə iştirak ediblər

     Bakı Slavyan Universitetinin (BSU) nümayəndələri–Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru, professor Flora Naciyeva, Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov, Ümumi dilçilik kafedrasının dosenti Cəmilə Səfərova “Müstəqil Dövlətlər Birliyi ölkələrinin dil siyasəti” mövzusunda beynəlxalq konqresdə iştirak ediblər. Qeyd edək ki, konqres “Rossotrudniçestvo”nun sifarişi ilə A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu və “Ailəyə Sosial Dəstək və Ailə Dəyərlərinin Müdafiəsi Milli Valideyn Assosiasiyası” Ümumrusiya İctimai Təşkilatı ilə birgə Rusiya Dövlət Sosial Universitetinin Minsk Filialında təşkil olunub. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin  elm, təhsil və ictimai təşkilatlarının nümayəndələri, təhsil və dilçilik sahəsinin mütəxəssisləri, Rusiya nəşriyyatlarının nümayəndələri, dərslik və tədris-metodiki vəsaitlərin müəllifləri, MDB ölkələrindən olan ədəbiyyatçılar iki gün ərzində çoxdilli, çoxmədəniyyətli və çoxkonfessiyalı dövlət şəraitində dil siyasəti sahəsində səmərəli təcrübələrdən istifadə problemlərini müzakirə ediblər.

     Konqresin işini “Ailəyə Sosial Dəstək və Ailə Dəyərlərinin Müdafiəsi Milli Valideyn Assosiasiyası” Ümumrusiya İctimai Təşkilatının məsul katibi Aleksey Qusev açıb. Müasir linqvodidaktikanın patriarxı – Rusiya Təhsil Akademiyasının akademiki, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prezidenti Vitali Kostomarovun “Ana dili – haradandır və nə üçün doğmadır?” adlı məruzəsi konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prorektoru, professor Mixail Osadçi millətlərarası və mədəniyyətlərarası dialoqun qurulmasının, təhsil məkanının inkişafının vacibliyini vurğulayaraq, bunun ölkələrimizin dil siyasətinin inkişafı üçün əsas amil olduğunu bildirib.

     BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva çıxış edərək, rus dilinin ölkəmizin bölgələrində dəstəklənməsi və yayılması ilə bağlı görülən tədbirlərdən danışıb. “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru, professor Flora Naciyevanın məruzəsi Azərbaycan mediasında rus dilinin fəaliyyətinə həsr olunub. BSU-nun Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov rus dili dərsliklərinin hazırlanması üzrə işləri əlaqələndirə biləcək azərbaycanlı və rusiyalı alimlərin, mütəxəssislərinin iştirakı ilə Elmi-metodik Şuranın yaradılmasının zəruriliyindən danışıb. Ümumi dilçilik kafedrasının dosenti Cəmilə Səfərovanın məruzəsində gənclərin mədəni-təhsil və dil proqramlarının Azərbaycanda inteqrasiya proseslərində rolu məsələsinə toxunulub.

     Konqres çərçivəsində dünyanın 11 ölkəsindən olan alimlərin iştirakı ilə dəyirmi masa və seminarlar keçirilib, MDB ölkələrində linqvistik təhsilin problemləri ilə bağlı səmərli fikir mübadiləsi aparılıb.

Mətbuat xidməti