BSU-nun rektoru Nurlana Əliyeva 3 saylı yataqxanda olub

  

      Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva, İnzibati-təsərrüfat işləri üzrə prorektoru Nurəddin Quliyev, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov dekabrın 3-də   BSU-nun Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 152 ünvanında yerləşən 3 saylı yataqxanasında olublar. Rektor Nurlana Əliyeva  3 saylı yataqxanada mövcud olan otaqlarla tanış olub, burada yaşayan tələbələr, müəllimlər və məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti, qayğı və problemləri ilə maraqlanıb, təkliflərini dinləyib. Rektor yataqxanada mövcud çatışmazlıqların çevik həlli üçün lazımi tapşırıq və tövsiyələrini verib.

      Tələbə və müəllimlər, eləcə də məcburi köçkünlər göstərilən diqqətə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər.

        Qeyd edək ki, BSU-nun tələbə yataqxanası 1965-ci ildə istifadəyə verilmiş beşmərtəbəli yaşayış binasından ibarətdir. Yataqxananın ikinci-dördüncü mərtəbələri universitetdə dərs deyən bəzi müəllimlər,  həmçinin yerli və xarici tələbələr üçün nəzərdə tutulub. Burada tibb məntəqəsi, komendant, yataqxana özünüidarəetmə komissiyası, tələbə şurası üçün də ayrıca otaqlar vardır. Yataqxananın 4-cü mərtəbəsi tamamilə yerli qız tələbələri üçün ayrılmış və bu mərtəbə hər birinin yaşayış sahəsi 18-22 m² olmaqla 22 otaqdan ibarətdir.  

          Binanın 2-ci mərtəbəsində əcnəbi tələbələr yaşayır. Onlar arasında Türkiyədən, Pakistandan, İran İslam Respublikasından, Çindən, Misirdən, Cənubi Koreyadan, Nigeriyadan və digər ölkələrdən gəlmiş 20-dən artıq əcnəbi tələbə vardır. Bu mərtəbədə 7 otaq birnəfərlik, 8 otaq ikinəfərlik, 15 otaq isə üçnəfərlikdir.

         BSU-nun 3 saylı yataqxanasında kombi sistemi təhciz edilmiş istilik mərkəzi vardır. Otaqlarda ən müasir tipli yataq mebelləri, şkaflar və hər bir tələbə üçün iş masaları quraşdırılıb. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana və tədris otağı onların ixtiyarına verilib. Yeni təmir olunmuş mətbəx isə zəruri avadanlıqlarla təmin olunub. Yataqxananın binası telefon və yüksəksürətli internet xətləri ilə təmin olunub.

Mətbuat xidməti