BSU-da “Müasir dərsin ənənəvi dərsdən fərqi müzakirə obyekti kimi” mövzusunda dəyirmi masa keçirilib

  

                                          

     Noyabrın 29-da Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı ilə “Müasir dərsin ənənəvi dərsdən fərqi müzakirə obyekti kimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Filologiya və xarici dil müəllimliyi fakültəsinin  əməkdaşları, fakültənin Rus dilinin tədrisi metodikası, Rus ədəbiyyatı tarixi və Müasir rus dili kafedralarının professor-müəllim heyəti və rus dili ixtisası üzrə təhsil alan  IV tədris ili tələbələri iştirak ediblər.

     Tədbiri giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent  Gültəkin Əliyeva müasir dərsin qurulmasında müsbət ənənəvi elementlərin bütün mərhələlərdə qorunub saxlanılması, yeni metodların ənənəvi metodlarla planlı şəkildə uzlaşdırılması, tələbələrə hər iki dərs növünün məqsədyönlü öyrədilməsi və s. məsələlər barəsində geniş məlumat verib.

     Tədbirdə Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elşanə Hümbətovanın “İkinci xarici dil (rus dili) dərslərində tələbələrin sərbəst işlərinin təşkili”, Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Mahrux Tağıyevanın “Dostoyevskinin “Cinayət və cəza” romanının materialları əsasında bədii mətnin məqsədyönlü oxusu” mövzusunda məruzələri dinlənilib. Məruzələr zamanı təqdim olunan slaydlar əsasında  müasir dərsin üstünlükləri barədə iştirakçılara məlumat verilib.

                                                             

     Dəyirmi masada iştirak edən Bakı şəhər 95 nömrəli tam orta məktəbin müəllimi Sona Abbasova,  Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin rus dili müəllimi Dilbər Məmmədova və digər iştirakçılar slayd vasitəsilə orta məktəblərdə tətbiq olunan müasir dərs nümunələrini səciyyələndiriblər.

     Müasir rus dili kafedrasının professoru İlyas Həmidov çıxışında ənənəvi və müasir dərsin müsbət istiqamətlərinə toxunub,dərs prosesində müəllimin tədris etdiyi fənni mükəmməl bilməsinin, tələbələrlə münasibətin düzgün qurulmasının önəmini xüsusi vurğulayıb.

     Maraqlı diskussiya şəklində keçən tədbirdə  iştirak edən Rusiya İnformasiya- Mədəniyyət Mərkəzinin əməkdaşı Lyubov Yakunina BSU-da bu istiqamətdə keçirilən tədbirlən artıq ənənə halını aldığını deyib, belə tədbirlən tələbə-gənclər üçün əhəmiyyətindən danışıb.

Mətbuat xidməti