BSU-da “Tiflisdən Payneyə” sənədli filminin nümayişi olub

     

     

          Noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) “Tiflisdən Payneyə” sənədli filminin nümayişi olub. Film Azərbaycanın görkəmli şairi, XIX əsr Azərbaycan ədəbiyyatında maarifçiliyin nümayəndəsi olan Mirzə Şəfi Vazehin 225 illik yubileyinə və alman şairi Fridrix fon Bodenştedtin 200 illik yubileyinə həsr edilib.

          Filmin nümayişindən əvvəl BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxış edərək belə bir sənət əsərinin yaradılmasının əhəmiyyətindən danışıb. R.Novruzov bildirib ki, sənədli film Mirzə Şəfi Vazehin və Fridrix fon Bodenştedtin həyatı, yaradıcılığı və onlar arasında dostluq münasibətlərindən bəhs edir.

          Sənədli filmin ideya müəllifi Alman-Azərbaycan Cəmiyyətinin sədri, BSU-nun Azərbaycan mültikulturalizmi və ölkəşünaslıq kafedrasının professoru Çingiz Abdullayev filmin ərsəyə gəlməsi və mahiyyəti barədə məlumat verib, ekran əsərinin yaranma tarixindən danışıb. Ç.Abdullayev filmin çəkilişlərinin ARB Aran Yaradıcılıq Mərkəzi ilə birgə Bakı, Gəncə, Tiflis və Payne şəhərlərində aparıldığını deyib,  çəkiliş zamanı yadda qalan məqamları iştirakçılarla bölüşüb. Professor Çingiz Abdullayev çıxışında BSU-da fəaliyyət göstərən Vilhelm fon Humboldt adına Alman Tədris və Mədəniyyət Mərkəzinin fəaliyyətindən də söz açıb. Qeyd edib ki, mərkəz BSU-nun Almaniya ilə əlaqələrinin genişləndirilməsində müstəsna rol oynayır. Ç.Abdullayev filmin nümayiş olunmasında göstərdiyi dəstəyə görə BSU-nun rektoru, professor Nurlana Əliyevaya xüsusi təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb.

          Filmin nümayişindən sonra çıxış edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova ekran əsərini gənclərin maarifləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib, filmin çəkilişində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Mətbuat xidməti