BSU-da Qarakənd faciəsi yad edilib

      

 

Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq və slavistika bölməsinin təşkilatçılığı ilə Qarakənd faciəsinin 28-ci ildönümünə həsr olunmuş “XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda canından keçən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tarixboyu türk xalqlarına qarşı törədilən terror aktlarından danışıb, ermənilərin bütün dünya dövlətlərinin gözü qarşısında işğalçılıq siyasəti yürütdüyünü deyib. R.Novruzov çıxışında Qarakənd faciəsindən söz açaraq bildirib ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotunun erməni silahlıları tərəfindən atəşə tutulmasından 28 il keçir. Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər.

Sonra BSU-nun Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, Qarabağ müharibəsi veteranı, dosent Sadir Məmmədov “Erməni terroru – tarixin qanlı səhifələri (1988-1993-cü illər)” mövzusunda geniş məruzə ilə çıxış edib. Erməni terror təşkilatlarının adları və fəaliyyəti barədə məlumat verən S.Məmmədov bildirib ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları əsassız və qeyri-hüquqi iddialarını həyata keçirmək üçün terror və soyqırımı siyasətini “milli mübarizə” yoluna çeviriblər. Tarixi həqiqətlər sübut edir ki, 1988-1993-cü illər ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı 354 terror aktı törədilib. Terrorizm Ermənistanın həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Əminliklə bildirirəm ki, biz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş torpaqlarını yaxın gələcəkdə düşmən tapdağından azad edəcəyik. Sonra S.Məmmədov 1991-ci ilin 20 noyabrında baş verən Qarakənd faciəsi barədə ətraflı məlumat verib. O, həmin faciənin ertəsi gün törədilən terrorun baş verdiyi əraziyə baxış zamanı şahidi olduğu mənzərəni ürək ağrısı ilə xatırlayıb, gəncləri qan yaddaşını unutmamağa səsləyib.

Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Oqtay Sadıqzadə çıxışında Ermənistanın separatçı daxili və xarici siyasəti, Dağlıq Qarabağ probleminin beynəlxalq müstəvidə həlli yolları barədə fikirlərini bölüşüb. O.Sadıqzadə çıxışının davamında Türkiyənin müasir xarici siyasəti, son zamanlar apardığı fəal hərbi əməliyyatlar, Suriya hadisələri və ümumilikdə dünyada terrorizmin hədəfinə çevrilən müsəlman ölkələrinin vəziyyətindən də söz açıb.

Diplomotiya kafedrasının müdiri, dosent Əsgər Əhməd, Jurnalistika kafedrasının müdiri, professor Şəlalə Həsənova çıxışlarında müasir texnologiya

əsrində gənclərin informasiya müharibəsi aparmaq imkanlarının geniş olduğunu vurğulayıb, gənc nəsli öz tarixini unutmamağa, onu təbliğ etməyə səsləyiblər.

Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin I tədris ili tələbələri Səbinə Nəsibli və Elmin Sərdarlı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olan soydaşlarımızın xatirəsini bir daha yada salıb, Qarakənd faciəsi ilə bağlı faktları əks etdirən slayd nümayiş etdiriblər.

 

Mətbuat xidməti