BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

          

Noyabrın 8-də Bakı Slavyan Universitetində (BSU) 9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı  Gününə həsr olunmuş “Yüksəklikləri sevən bayrağım”  adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə əklil qoyulub. Sonra Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsində təhsil alan tələbələrin iştirakı ilə tədbirə Dövlət Bayrağı gətirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva dövlət rəmzlərinin milli-mənəvi dəyərlərimizdəki yerindən söz açıb. N.Əliyeva  bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən,  hər il noyabrın 9-da xalqımız bu şanlı bayramı böyük ruh yüksəkliyi ilə keçirir.

Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını,  hərbi gücünü əks etdirdiyini deyən Nurlana Əliyeva çıxışında ölkənin  hər bir yerində aparılan quruculuq-abadlıq işlərindən, həyata keçirilən iqtisadi islahatlardan da söz açıb. Rektor qeyd edib ki, bu gün Azərbaycan inkişaf edən ölkədir.  Fərəhli haldır ki, indi əksər bölgələrimizdə gənclərin iştirakı ilə üçrəngli bayrağımızın şərəfinə mühüm tədbirlər, xüsusi layihələr həyata keçirilir. Tarix boyu çətin sınaqlardan keçmiş Azərbaycan xalqının bu gün yaşadığı firəvan həyata görə qürur  hissi keçirdiyini deyən N.Əliyeva bu inkişafın ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsi və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə olunduğunu vurğulayıb. N.Əliyeva dövlət rəmzlərimizə hörmət və sevgi ilə yanaşmağı hər bir vətənpərvər gəncin əsas vəzifəsi kimi dəyərləndirib. Əlamətdar gün münasibətilə BSU-nun kollektivini təbrik edən rektor onlara cansağlığı, uzun ömür, elm və təhsildə, peşə fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışından görüntülər təqdim olunub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, dosent Sevinc Axundova dövlət bayrağının tarixi və onun milli kimliyimiz üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb. S.Axundova üçrəngli bayrağı öz qanı hesabına yüsəklərdə saxlayan şəhidlərimizi və həbriçilərimizi də yad edib. Dövlət Bayrağı Gününün gələcəkdə Şuşada və bütün azad olunmuş Azərbaycan torpaqlarında qeyd olunması arzusunu ifadə edib.

Sonra Tərcümə fakültəsinin II tədris ili tələbələrindən Məlahət Kazımova “Bayraq mənliyimdir”, Diana Məmmədli “İlham Əliyevin Azərbaycan Dövlətçiliyində Heydər Əliyev Kursu” adlı məruzəsi ilə çıxış edib.

Tədbirdə Azərbaycan filologiyası, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi, Pedaqoji  fakültənin tələbələrinin ifasında vətənpərvər ruhlu şeirlər, BSU-nun “Nur” vokal qrupunun ifasında mahnılar səsləndirlib.

BSU-nun Mətbuat xidməti