BSU rektorunun Dövlət Bayrağı Günü münasibətilə təbriki

Bakı  Slavyan  Universitetinin  rektoru,

professor  Nurlana Əliyevanın

9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı  Günü münasibətilə

                                        

                                         TƏBRİKİ

                                                                                                     

 

Hörmətli müəllimlər, həmkarlar, əziz tələbələr!

Sizi 9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı  Günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, səadət, xoşbəxtlik, elm və təhsildə, peşə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Beş minillik dövlətçilik tarixi olan Azərbaycan xalqının həyatında XX əsr müstəsna yer tutur. XX yüzillikdə xalqımız iki dəfə öz dövlət müstəqilliyinə qovuşmuşdur. Lakin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti əlverişli olmayan beynəlxalq siyasi vəziyyət və xarici hərbi müdaxilə nəticəsində süquta uğramışdır. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, xalqımızın ictimai-siyasi fikir və dövlətçilik tarixində xüsusi şərəfli yer tutur.

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük tarixi xidmətlərindən biri də üçrəngli bayrağımızın təsis edilməsi idi. İlk dəfə üçrəngli bayrağımız 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin birinci toplantısının açılışında dalğalanmışdır. Bayrağın təsis edilməsi haqqında qərar isə 1918-ci il noyabrın 17-də imzalanmışdır. Bu bayrağın üçrəngli olması ideyasının müəllifi Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadədir. Ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində xalqımızın genişlənən milli-azadlıq hərəkatı üçrəngli bayrağımızı yenidən həyatımıza qaytarmışdır.

Milli xilaskarımız, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas rəmzlərindən olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. 1991-ci ildə isə bu bayraq müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı elan edildi.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən,  hər il noyabrın 9-da xalqımız bu şanlı bayramı böyük ruh yüksəkliyi ilə keçirir.

Böyük sevinc və şərəf hissi ilə bildirmək istəyirəm ki, təməlində ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyası olan xoşbəxt Vətənimizin məğrur bayrağı bu gün dünya azərbaycanlılarının iftixar, qürur rəmzidir. Son illər Azərbaycan iqtisadiyyatı daha da qüdrətlənib. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 85%-i Azərbaycanın payına düşür. Bu sürətli iqtisadi inkişafa uyğun olaraq ölkədə həyata keçirilən kompleks sosial islahatlar xalqımızın rifahının, həyat tərzinin yaxşılaşmasını təmin edir.

Respublikamızda dövlət idarəçiliyi sistemi daim təkmilləşir və daha çevik idarəetmə formasının yaranması üçün mühüm addımlar atılır. Aparılan struktur və kadr islahatları gənclərə yol açır, onların dövlət idarəçiliyi sisteminə geniş cəlb edilmələrinə əlverişli şərait yaradır. Eyni zamanda Azərbaycanın  beynəlxalq siyasi nüfuzu yüksəlir. Bu günlərdə ölkəmiz daha bir diplomatik uğur qazanıb. Belə ki, Azərbaycanın 120 tamhüquqlu ölkəni, 17 müşahidəçi dövləti və 10 beynəlxalq təşkilatı özündə birləşdirən, Birləşmiş Millətlət Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduqları ən böyük siyasi təsisat olan, bəşəri dəyərlərin təbliğinə xidmət göstərən  və bütün ölkələrin müstəqilliyinə, ərazi bütövülyünə sadiqlik nümayiş etdirən Qoşulmama Hərəkatına sədr seçilməsi böyük bir siyasi uğur, ölkəmizə göstərilən hörmətin, inamın və etibarın ədalətli  təzahürüdür.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsil sahəsinə göstərdikləri miqyasıgörünməyən diqqət və qayğı nəticəsində ölkəmiz bu  sahədə böyük nailiyyətlərə imza atıb. Dünya İqtisadi Forumu tərəfindən bu yaxınlarda açıqlanan "Qlobal Rəqabətlilik İndeksi-2019" hesabatında Azərbaycan təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan "Bacarıqlar" indeksi üzrə 6 pillə irəliləyərək  48-ci, innovasiya bacarığı üzrə 3 pillə irəliləyərək 68-ci, işçilərin peşəkar inkişafı kateqoriyası üzrə 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyət göstəricisinə görə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçi tapmaq asanlığı üzrə 2 pillə irəliləyərək 29-cu yeri tutub. Ölkəmiz tədrisdə  tənqidi düşüncə göstəricisi üzrə 7 pillə irəliləyib və 20-ci yerdə qərarlaşıb. Bütün bu böyük uğurlar Bakı Slavyan Universitetinin kollektivini daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərməyə ruhlandırır.

Əziz dostlar! Sizi bir daha Dövlət Bayrağı  Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, sonsuz müvəffəqiyyətlər arzulayıram.

Bayramınız mübarək olsun!