BSU-nun Azərbaycan filologiyası fakültəsində Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib

      

Noyabrın 7-də Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin təşkilatçılığı ilə 9 Noyabr - Azərbaycan Respublkasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Bir dəfə yüksələn bayraq bir daha enməz!” adlı tədbir keçirilib.  

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan filologiyası fakültəsinin tələbələrinin Dövlət Bayrağı Gününə həsr etdikləri rəsmləri sərgilənib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan filologiyası fakültəsinin dekanı,  professor Eldar Piriyev dövlət rəmzlərinin Azərbaycanın müstəqiliyini təcəssüm etdirdiyini, üçrəngli bayrağın yenilməzlik, ucalıq rəmzi olduğunu vurğulayıb. 

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, dosent Sevinc Axundova çıxışında bayraq sözünün etimologiyası, ulu öndər Heydər Əliyevin Dövlət Bayrağı uğrunda apardığı siyasət, Azərbaycan bayrağının bu günə qədər keçdiyi tarixi yol haqqında qısa məlumat verib. Aprel döyüşlərinin dövlətimizin və ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin və vətənpərvərliyinin bariz nümunəsi olmasını qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan dilinin tədrisi metodikası kafedrasının müəllimi Rəna Əliyeva bayrağımızın xalqımızın fəxr və qürur mənbəyi olduğunu bildirib.

Azərbaycan filologiyası fakültəsinin II tədris ili tələbəsi Sənəm Fərhadlı çıxışında Azərbaycan bayrağının tarixindən danışıb, hər bir azərbaycanlının öz bayrağının tarixini bilməsinin zəruri olduğunun vurğulayıb. Aprel döyüşlərinin iştirakçısı, II tədris ili tələbəsi Elvin Həşimov öz cəbhə xatirələrini bölüşərək, Azərbaycanın üçrəngli bayrağının Lələtəpəyə sancılmasını canlı şahidi olmasından iftixar hissi ilə danışıb.

Sonra IV tədris ili tələbəsi Elxan Həsənov, II tədris ili tələbəsi Sadəgül Baloğlanova,  I tədris ili tələbələri Nərgiz Ağasoy və Elnar Həsənli bayrağa həsr olunmuş şeirlərdən ibarət kompozisiya təqdim ediblər.

 Tədbir 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxın nümayişi ilə başa çatıb.

Mətbuat xidməti