BSU-da M.Y.Lermontovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib

                     

Oktyabrın 23-də  Rusiya İnformasiya- Mədəniyyət Mərkəzinin və “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyinin birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri üçün tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva açaraq qonaqları təqdim edib, M.Y.Lermontovun yaradıcılığı haqqında məlumat verib.

 Sonra çıxış edən Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov tədbirin keçirilməsini müsbət qiymətləndirib və belə tədbirlərin tələbə-gənclərin dünyagörüşünün genişlənməsinə səmərəli təsir etdiyini bildirib.

Universitetin professoru İlyas Həmidov “M.Y.Lermontovun şeir dilinin lüğəti” adlı  ikicildlik kitabını muzeyə hədiyyə edib.

Tədbirdə  “M.Y.Lermontovun məhəbbət lirikasının ünvanları” adlı mühazirə dinlənilib, muzey-qoruğa virtual ekskursiya edilib. Tədbirin davamı olaraq  “Kağıza qəlbimlə toxunaraq...” adlı məşğələ aparılıb. Qeyd etmək lazımdır ki, fakültənin tələbələri M.Y. Lermontov dövrünün üslubi-leksik vasitələrindən istifadə etməklə epistolyar janrda öz bacarıqlarını sınayıblar.

Sonda fakültənin dekanı, dosent Gültəkin Əliyeva BSU-nun rektoru, professor Nurlana Əliyevanın  “Tarxanı” Dövlət Lermontov Qoruq-Muzeyinin 80 illik yubileyi münasibətilə muzey rəhbərliyinə ünvanladığı təbrik məktubunu səsləndirib və fakültənin hazırladığı hədiyyəni təqdim edib.

BSU-nun Mətbuat Xidməti