BSU-da “50 il qüdrətli Azərbaycan naminə” adlı geniş tədbir keçirilib

         

Oktyabrın 17-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramını ifadə edib. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın  da xatirəsi ehtiramla yad edlib, məzarı önünə gül dəstələri düzülüb. Sonra BSU-da ulu öndər  Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş “50 il qüdrətli Azərbaycan naminə” adlı rəsmi və bədii-müsiqili hissədən ibarət geniş tədbir keçirilib. Qeyd edək ki, BSU-da bu tədbirin təşkili və keçirilməsi məqsədilə sədri universitetin rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva olmaqla, 20 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Tədbirdə YAP-ın və Təhsil Nazirliyinin məsul şəxsləri, millət vəkilləri, tanınmış və nüfuzlu  ictimai-siyasi xadimlər, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, media strukturlarının rəhbərləri,  təhsil ekspertləri, ziyalılar iştirak ediblər. Tədbirdə əvvəlcə BSU-nun və universitetin nəzdində Məktəb-Lisey Kompleksinin xoru Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər.

Sonra tədbir iştirakçıları Ümummilli Liderə həsr olunmuş “Ulu öndər Heydər Əliyev” adlı sənədli filmə tamaşa ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, YAP-ın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva iştirakçıları salamlayıb və onlara xoş arzularını çatdırıb. Rektor bildirib ki, bu gün BSU-nun kollektivinin həyatında çox xoş və əlamətdar bir gündür. Biz bu gün bütün mənalı həyatını fədakarlıqla Azərbaycan xalqına həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş “50 il qüdrətli Azərbaycan naminə” adlı tədbir keçiririk. Tədbirimizdə Azərbaycan cəmiyyətində böyük nüfuz sahibi olan insanlar iştirak edirlər. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etmişdi. Lakin təcrübəsiz şəxslərin ölkəmizə rəhbərlik etmələri səbəbindən xalqımız yenidən öz dövlət müstəqilliyni itirmək təhlükəsi ilə üzləşmişdi. Əslində, 1991-1993-cü illər Azərbaycanın müstəqilliyi üçün itirilmiş illərdir. Yalnız 1993-cü ilin iyununda xalqımızın dahi oğlu, milli xilaskarımız, ümummilli liderimiz Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə gəlməsi ölkəmizi böyük faciələrdən, təhlükələrdən xilas etdi. Atəşkəs haqqında razılığa nail olmaqla Heydər Əliyev Azərbaycanda nəhəng quruculuq işlərinə başladı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyuldu və ölkəmizin siyasi müstəqilliyinə etibarlı zəmin yarandı. Heydər Əliyev partiyamızı cəmiyyətin siyasi elitası kimi formalaşdırdı. Bu gün YAP Azərbaycan cəmiyyətinin fəal, aparıcı və nüfuzlu siyasi qüvvəsidir. Cəmiyyətdə heç bir siyasi təşkilat YAP-la müqayisə edilə bilməz. Heydər Əliyevin zəngin və çoxşaxəli ictimai-siyasi fəaliyyətində milli-mənəvi və dini dəyərlər mərkəzdə dayanırdı. Hazırda Azərbaycan tolerantlıq və multikultural dəyərlərin yüksək səviyyədə olması baxımından bütün mütərəqqi dünya üçün layiqli nümunədir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik və uzaqgörən dövlətçilik strategiyasını Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi ölkəmizin  davamlı inkişafını və beynəlxalq siyasi nüfuzunun yüksəlməsini təmin etmişdir.  Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin yüksək səviyyədə təhsil almalarına, ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etmələrinə, dövlət idarəçiliyinə geniş cəlb edilmələrinə əlverişli şərait yaradıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr gənclərin sağlam və müasir ruhda tərbiyə olunmalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmələrinə, onların sosial fəallığının təmin edilməsinə müsbət təsir göstərir. Sürətlə inkişaf edən müstəqil, demokratik, hüquqi, dünyəvi Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderimizin dediyi kimi: “Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir!”

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. O, Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkiləri keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldığını diqqətə çatdırıb.
“Biz indi maraqlı və gözəl bir filmi izlədik. Hər dəfə Ulu Öndərlə bağlı yeni bir filmə baxdıqdan sonra düşünürsən ki, bu film əvvəlkindən daha yaxşıdır. Bu, ona görə belədir ki, bu filmlərin hamısında bir səmimiyyət var, xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük azərbaycanlı obrazı var. Bu filmlərin hər birində Ulu Öndərin şəxsiyyətinin və siyasi müdrikliyinin yeni bir səhifəsi ilə tanış olursan. Səhnədə bizə xoş günlər bəxş etmiş Ulu Öndərin, Azərbaycan Respublikasının üçrəngli bayrağı və “50 il qüdrətli Azərbaycan naminə” yazısından ibarət maraqlı bir şəkil asılıb. Bunlar üçü bir yerdə müasir müstəqil Azərbaycan deməkdir və bir-birini mükəmməl şəkildə tamamlayır”, - deyən Bahar Muradova ulu öndər Heydər Əliyevin qətiyyət və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıtdığını və bu dövlətin müstəqilliyinin etibarlı təminatını yaratdığını vurğulayıb.

BSU-nun “Arzu” rəqs ansamblının ifa etdiyi “Yallı” rəqsi və bu rəqsin tərkibində təqdim edilən bütün slavyan xalqlarının rəqsləri, türk rəqsi, “Sarı gəlin” və bu rəqslərin  “Yallı” ilə yekunlaşması, BSU-da təhsil alan xarici tələbələrin və universitetin tədris-mədəniyyət mərkəzlərində təmsil olunan tələbələrin Azərbaycan və müxtəlif dillərdə Ulu Öndərin kəlamlarını səsləndirmələri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Şaban Cəfərovun ifa etdiyi “Azərbaycan” musiqisi, şair Qabil Ədalətin “Bir Ulu Sərkərdə, Bir Ulu Öndər” şeiri tədbirə xüsusi ovqat qatıb.

BSU-nun  Tələbə Elmi Cəmiyyətinin sədri Könül Zeynallı çıxışında böyük siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan gəncliyinin qüdrətli hamisi və qayğıkeş müəllimi olduğunu bildirib. Xüsusi vurğulayıb  ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyi xalqımız, Vətənimiz və dövlətimiz naminə hər cür fədakarlığa hazırdır.

Tədbirdə Xalq artisti Azər Zeynalovun ifa etdiyi “Azərbaycan” mahnısı hamıda yüksək əhvali-ruhiyyə yaradıb.

Yüksək səviyyədə keçən tədbirin sonunda xatirə şəkli çəkdirilib.

BSU-nun Mətbuat Xidməti