Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir

                                 

Oktyabrın 10-da  Bakı Slavyan Universitetinin (BSU) Pedaqogika və psixologiya kafedrası  tərəfindən  Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova tədbirin məzmun və  mahiyyəti barədə ətraflı məlumat verib.

Tədbiri Pedaqogika və psixologiya kafedrasının  baş müəllimi Gültəkin Qasımova öz çıxışı ilə davam etdirib. Gültəkin Qasımova çıxışında bildirib ki,  Ümumdünya Psixi Sağlamlıq Günü 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan beynəlxalq günlər siyahısına daxil edilib. Həmin tarix Azərbaycanda 2005-ci ildən keçirilir.

Pedaqogika və psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Rəhimova “Stress və həyəcan”, kafedranın digər müəllimi Səyyarə Həsənli “Emosional yanma sindromu” mövzusunda məruzələrlə çıxış ediblər. Maraqlı çıxışlar tələbələr tərəfindən müsbət qarşılanıb və dinləyicilər arasında  diskussiya yaradıb.

Pedaqoji fakültənin dekan müavini, dosent Lalə Mikayılzadə tədbirin keçirilməsini təqdirəlayiq hesab edib.

Tədbirdə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələri Həmidə Ağabalayeva, Anjelika Tarşinova, Mələk Məmmədova çıxış ediblər. Sonra müəllim və tələbələr arasında aparılan “Psixi sağlamlığın meyarları” adlı sorğunun videosu təqdim olunub.

Tədbirin davamında mövzu ilə bağlı müzakirə aparılıb.

BSU-nun Mətbuat Xidməti