Yeni tədris ilinin başlamasından artıq bir neçə gün keçib. Yay istirahətindən sonra tələbələrin auditoriya həyatı başlayıb. Doğrudur, birdən-birə tədris prosesinə uyğunlaşmaq çətindir, amma bizim iştirak etdiyimiz dərslərdə ciddi bir problem görmədik. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin bir çox auditoriyalarında olduq. Dekan, dosent Şirinbəy Əliyev auditoriyanı seçməyi özümüzə həvalə etdi.
Bu, həmin fakültənin R-403-cü qrupudur. Dosent Ərzuman Əmirov “ Regionda inteqrasiya prosesləri”indən danışır. Mühazirənin maraqlı olması dərhal hiss olunur. Tələbələr diqqətlə qulaq asır, yeri gəldikcə suallar verir.
Sonra dosent Mübariz Əhmədovun dərs dediyi auditoriyaya daxil oluruq. Bunlar gələcək jurnalistlərdir. Mən onların gələcəkdə bizim həmkarlarımız olacaqlarını deyəndə üzləri gülür. Müəllim tələbələrinin I kursda olmasına baxmayaraq, dünyagörüşlərindən razı olduğunu bildirir.
Bu isə BM-401-ci qrupun auditoriyasıdır. Gənc müəllimə Nərmin İlyasova ağıllı lövhədən istifadə etməyə çalışır. Tələbələr bir qədər səbirsizlik göstərirlər.
Və nəhayət, dosent Gülarə Mustafayevanın tərcümıçiləri ilə görüşürük. Tərcümə fakültəsinin 204-cü qrupunun tələbələrinin ixtisaslarına maraqları üzlərindən hiss olunur. Müəlliməyə xüsusi diqqətlə qulaq asırlar. Onlara uğur arzulayıb auditoriyanı tərk edirik.
Bax, belə. Bu sakit və səssiz auditoriyalarda Azərbaycanın gələcəyi yetişir.
BSU-nun Mətbuat Xidməti