BSU nəzdində Məktəb Lisey Kompleksi məktəbəqədər hazırlıq qruplarına qəbul qaydalarını təqdim edir

                              

 

   Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksi (MLK) uşaqların məktəbəqədər dövrünün yüksək səviyyədə inkişafına təminat verir.

   BSU MLK-da məktəbəqədər hazırlıq qruplarına qəbul mart-aprel aylarında Azərbaycan və rus bölmələri üzrə fərqli şəkildə aparılır. Rus dili bölməsini seçən uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibədə iştirakı mütləqdir. Müsahibə zamanı uşaqdan özünüifadə, təhlükəsizlik və gigiyena qaydaları, o cümlədən məntiqi təfəkkürlə bağlı suallara cavab vermək tələb olunur. Uşaqlar dünya görüşləri ilə yanaşı estetik və yaradıcı inkişaflarını ortaya çıxararaq təsviri rənglərdən, qrafikadan istifadə etmə bacarığını nümayiş etdirirlər.

   Qeyd edək ki, Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksinin (MLK) məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

BSU-nun Mətbuat Xidməti