Ağır itki

                                              

Bakı Slavyan Universitetinin kollektivinə ağır itki üz vermişdir. BSU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru, fəal ictimaiyyətçi, Yeni Azərbaycan Partiyasının üzvü  Əbilfəz İbrahim oğlu Nağıyev 26 avqust 2019-cu il tarixdə qəfil ürək  tutmasından vəfat etmişdir.

Ə.İ.Nağıyev 1960-cı il yanvarın 25-də Neftçala rayonunun Mirqurbanlı kəndində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun Radiotexnika mühəndisliyi fakültəsinə qəbul olunan Ə.İ.Nağıyev 1986-cı ildə həmin institutu əla qiymətlərlə bitirmişdir.

1978-1980-ci illərdə ordu sıralarında qulluq edən Əbilfəz Nağıyev  1977-ci ildən 1981-ci ilə qədər Bakı Termik İzolyasiya zavodunda fəhlə, Yeni Neftayırma zavodunun tikintisində mühəndis, 1981-ci ildən 1988-ci ilə qədər isə Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları İnstitunda elektron gücləndirici laboratoriyanın müdiri vəzifəsində çalışmışdır.

Ə.İ.Nağıyev 1988-ci ildə Azərbaycan Dövlət Pedoqoji Kollecində inzibati-təsərrüfat işləri üzrə direktor müavini işləməyə başlamış, 2016-cı ildən isə Bakı Slavyan Universitetində prorektor vəzifəsinə təyin edilmişdir.

Ə.İ.Nağıyevin əməyi rəsmi dövlət strukturları və çalışdığı kollektivi tərəfindən yüksək qiymətləndirilmişdir. Ə.İ.Nağıyev 1999-cu ildə Təhsil Nazirliyinin Qabaqcıl təhsil işçisi, 2009-cu ildə isə əlaçı təhsil işçisi  tərifnamələrinə layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının 20 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunmuş Ə.İ.Nağıyev Azərbaycan Dövlət Pedoqoji Kollecindəki fəaliyyətinə görə 2014-cü ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mükafalandırılmışdır.

Ə.İ.Nağıyev  harada çalışıbsa özünü bacarıqlı və səriştəli mütəxəssis kimi göstərmişdir.  Ə.İ.Nağıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

                                                                                                                                                                                                                                                           Bakı  Slavyan  Universitetinin kollektivi