Tanınmış xarici alimlər BSU-da mühazirə oxuyublar

  

    İyunun 14-də Bakı Slavyan Universitetində (BSU) ERASMUS+ PETRA  layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzində Britaniya Şurasının dəstəyi ilə “CREATİVE  SPARK” adlı  silsilə seminarlar keçirilib. Müxtəlif mövzuları əhatə edən tədbirdə Oksford Bruks Universitetinin Beynəlxalq Turizm və Tədqiqatlar üzrə Menecment Mərkəzinin direktoru, professor  Levent Altınay, Birminqam Biznes Universitetinin professoru  Endrit Kromidha və Qazaxıstan Respublikasının L.N. Qumilyov adına  Milli Avrasiya Universitetinin Biznes və İqtisadiyyat üzrə Qiymətləndirmə Mərkəzinin rəhbəri Almiyaş Nurmaqambetova BSU-nun professor-müəllim və tələbə  heyəti qarşısında təqdimatlarla çıxış ediblər.

    Məruzəçilərdən Levent Altınay Çin Xalq Respublikasında təhsil, Çin dilinin dünyada mövqeyi və bu dilə olan maraq, “Beynəlxalq İmpakt Faktor” jurnalında məqalə və tezislərin nəşr olunması qaydaları haqqında məlumat verib. Seminarın növbəti hissəsində professor Endrit Kromidha “Beynəlxalq əməkdaşlıq və yaradıcı sahibkarlıq” mövzusunda çıxış edib. O, slayd əsasında öz təcrübəsinin seminar iştirakçıları ilə bölüşüb.

Məruzəçilərdən Almiyaş Nurmaqambetova Qazaxıstanda bu sahədə “Ən yaxşı yerli təcrübələrin paylaşılması” barədə təqdimat etmişdir.

Seminar çərçivəsində məruzəçilərin təqdimatları ətrafında müzakirələr aparılıb. Hər üç məruzəçinin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

     Sonda xarici alimləri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüş zamanı qonaqlar BSU-nun fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndiriblər. Onlar belə seminarların davamlı olmasını müsbət hal kimi dəyərləndirərək yüksək səviyyəli təşkilatçılığa görə BSU rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər. Professor Nurlana Əliyeva xarici qonaqlara Azərbaycanın mədəniyyət nümunələrinə aid hədiyyələr bağışlayıb.

 

BSU-nun Mətbuat Xidməti