BSU nümayəndələri məktəb şagirdləri ilə görüşüblər

                   

    Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nümayəndələri universitetin təbliğatı kompaniyası çərçivəsində Bakının Suraxanı rayonu D. Məmmədzadə adına 232 saylı və Nizami rayonu N.Həmzəyev adına 238 saylı tam orta məktəblərində şagirdlərlə görüşüblər.

    Görüşdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini, dosent Lalə Mikayılzadə, fakültənin elmi katibi, Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Mahirə Əzizova, həmin kafedranın dosenti Aygün Əkbərova, baş müəllim Aygün Əliyeva və Pərvin Sadiqova iştirak ediblər.

    Nümayəndə heyətini qarşılayan 232 saylı məktəbin direktoru Məhluqə Əzizova 10-11-ci sinif şagirdlərinə BSU-nun fəaliyyəti barədə məlumat verərək bildirib ki, Bakı Slavyan Universiteti ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biridir.

    BSU-nun dekan müavini, dosent Lalə Mikayılzadə səmimi qəbula və təbliğat kompaniyasını həyata keçirməyə şərait yaratdıqlarına görə məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, zəngin ənənələrə sahib olan Bakı Slavyan Universiteti müxtəlif ixtisaslar üzrə peşəkar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir. Lalə Mikayılzadə BSU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil almağın tələbələrə yaratdığı imkanlardan və bu fakültənin perspektivlərindən də danışıb.

     Söz alan Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Mahirə Əzizova slayd əsasında BSU-nun yaranma tarixi, üstünlükləri, qazandığı uğurlar, habelə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi haqqında şagirdlərə geniş məlumat verib.

   Qeyd olunub ki, Bakı Slavyan Universiteti təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Burada slavyan dilləri və ədəbiyyatları üzrə fundamental elmi tədqiqatlar həyata keçirilir. BSU təkcə Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu rusistika mərkəzi sayılır. Bildirilib ki, BSU-nun beynəlxalq münasibətlər, eləcə də regionşünaslıq ixtisaslarına qəbul olmaqla universitetdə bütün pillələr üzrə təhsili davam etdirmək şansı qzanmaq mümkündür.

    Dosent Aygün Əkbərova Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində dünya siyasətini lazımınca şərh edə bilən, hərtərəfli təhlil aparmaq qabliyyətinə, o cümlədən lazımi nəzəri, paktiki bilik və vərdişlərə malik yüksəkixtisaslı kadrlar hazırlandığını diqqətə çatdırıb. O bildirib ki, fakültəni bitirən məzunlar həm ölkə daxilində, həm də xaricdə əmək fəaliyyəti ilə məşğul olma imkanı əldə edirlər. Onlar müstəqil xarici siyasət aparan Azərbaycanın diplomatik kadrlar ehtiyatını zənginləşdirməklə yanaşı, Xarici İşlər Nazirliyində, bir çox yerli və beynəlxalq təşkilatlarda, strateji araşdırma mərkəzlərində, eləcə də KİV-də  mütəxəssis, tədqiqatçı, məsləhətçi və s. kimi çalışa bilərlər.

   Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Aygün Əliyeva və Pərvin Sadiqova Bakı Slavyan Universitetinin ölkəmizin xarici siyasətinin bir komponenti kimi çıxış etdiyini deyiblər. Tələbələrin ölkə daxili və xaricində universitetlərarası intelektual yarışlarda,  festivallarda, fakültələrarası debat klublarda uğur qazandıqlarını xüsusi vurğulayıblar.

   Bakı şəhər Nizami rayonu N. Həmzəyev adına 238 saylı tam orta məktəbdə də Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təbliğatı yüksək səviyyədə keçib. Məktəbin direktoru  İlqar Talıbov çıxışında BSU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, universitetin fəaliyyətini yüksək qiymətləndirib.

   Görüş çərçivəsində BSU haqqında kiçik reklam çarxı nümayiş olunub, şagirdlərə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi haqqında ətraflı məlumatı əks etdirən bukletlər paylanılıb. BSU-nun nümayəndə heyəti tərəfindən hər iki məktəbin kitabxanasına Azərbaycanın tarixi həqiqətlərini özündə əks etdirən bir sıra kitablar hədiyyə edilib.

BSU-nun Mətbuat Xidməti