BSU-da "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" mövzusunda mühazirə olub

             

     Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə AMEA-nın Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov Tərcümə fakültəsinin tələbələrinə mühazirə oxuyub. Kafedranın müəllimi Nərmin Elyasovanın dərsində "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" mövzusunda keçirilən mühazirədə professor Sakit Hüseynov tolerantlıq ideyası, tolerantlığın fəlsəfəsi, Azərbaycan xalqının tolerantlıq ənənələri barədə tələbələrə geniş məlumat verib. Natiq çıxışında ölkəmizdə dini tolerantlıq mədəniyyətinin  yüksəldilməsində Ulu Öndər Heydər Əliyevin rolunu, onun layiqli  davamçısı Prezident İlham Əliyevin bu sahədə fəaliyyətini ətraflı şərh edib.

        S.Hüseynov müəllifi olduğu "Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik" adlı monoqrafiyasında   yer alan  Azərbaycanda  tarixən dini tolerantlıq mədəniyyətinin formalaşması, islam dininin  Qafqazda,  o  cümlədən Azərbaycanda yayılması, islam dininin özünün tarixən tolerant din olması barədə maraqlı faktlardan nümunələr gətirib.

Mühazirənin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti