BSU-da narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

              

           Mayın 15-də Bakı Slavyan Universitetində (BSU)  Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” adlı  geniş tədbir keçirilib. Hüquq üzsrə fəlsəfə doktoru, dosent Sadir Məmmədov narkotik vasitələrin qeyri-qanuni  dövriyyəsinə qarşı mübarizənin zəruriliyi və respublikamızda bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.  S.Məmmədov həyatının böyük hissəsini bu bəlaya qarşı mübarizəyə həsr etdiyini bildirib. O, 1992-ci ildə  Özbəkistan Respublikası Daxili İşlər Nazirliyində (DİN) Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsində çalışarkən cinayət əməllərinin əksər hissəsinin narkomaniya ilə bağlı olduğunu hiss etdiyini bildirib. S.Məmmədov 1993-cü ildə  respublikamıza qayıdarkən ilk növbədə bu sahədə ciddi əməli fəaliyyətə başlayıb. Onun bu sahədə xüsusi bilik və bacarığa malik olduğunu görən respublika rəhbərliyi çox keçmədən onu Daxili İşlər Nazirliyində Narkomaniya və Narkobiznesə qarşı mübarizə İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində çalışdığı illərdə qazandığı təcrübəsini gənclərlər bölüşən alim  narkotik vasitələrin yayılmasının qarşısının alınması üsulları barədə tədbir iştirakçılarına məlumat verib. O, narkotiklərə qarşı mübarizədə profilaktik tədbirlərin xüsusi  əhəmiyyət daşıdığını qeyd edib. Narkomaniyanın cəmiyyətdə ciddi fəsadlar törətdiyini bildirən S.Məmmədov narkotikin mənşəyi, narkomaniya xəstəliyinin tarixi barədə də danişib. O, deyib ki, narkotik vasitələr çox qədim zamanlardan insanların müalicə məqsədi ilə istifadə etdikləri bir vasitə olub. Ancaq cəmiyyət inkişaf etdikcə məlum olub ki, bütün bunlar insan sağlamlığı üçün çox zərərli və təhlükəlidir. Buna görə onlardan istifadə qanunla qadağan olub.

 O qeyd edib ki, tərkibində narkotik- kofein olan energetik içkilər də ciddi fəsadlar törətdir, insan sağlamlığına çox böyük ziyan vurur.

          Azərbaycanda narkomaniyaya tutulan insan statistikasının ötən illərə nisbətən daha da artdığını deyən S.Məmmədov  gəncləri narkotik kimi zərərli vərdişlərdən uzaq durmağa səsləyib.

BSU-nun Mətbuat Xidməti