Bakı Slavyan Universitetinin (BSU) Əcnəbi tələbələrlə iş üzrə dekanlığının təşkilatçılığı ilə Hazırlıq şöbəsində, o cümlədən müxtəlif ixtisaslar üzrə təhsil alan on beş əcnəbi tələbəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Heydər Əliyev mərkəzində olublar. Tədbir Ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin əcnəbi vətəndaşlar tərəfindən öyrənilməsi məqsədi daşıyıb.
Mərkəzin əməkdaşları əcnəbi tələbələrə əvvəlcə binanın qeyri-adi, orijinal quruluşu haqqında məlumat veriblər. Onlar mərkəzin müasir Bakının rəmzlərindən biri olduğunu vurğulayıb və buarada Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video, fotoarxiv və digər sənədlərin saxlanıldığını qeyd ediblər. Mərkəzin əməkdaşları dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatların ən son texnoloji yeniliklər əsasında interaktiv formada təqdim olunduğunu bildiriblər.
İştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə də tanış olublar. Qeyd edək ki, sərgi Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri və s. barədə zəngin məlumatları əhatə edir. Mərkəzin əməkdaşları ekspozisiya zalında nümayiş etdirilən qayaüstü rəsmlər, müxtəlif dövrlərə aid arxeoloji tapıntılar, milli geyim və zərgərlik nümunələri haqqında əcnəbi tələbələrə geniş məlumat veriblər.
BSU-nun Mətbuat Xidməti