BSU-da müasir Azərbaycan poeziyasına həsr olunmuş gecə keçirilib

                                            

    Mayın 13-də Bakı Slavyan Universitetində (BSU) Gənc Yaradıcılar Klubunun Tərcümə fakültəsi üzrə sədri Ramazan Ramazanovun təşkilatçılığı ilə "Şair kimi deyil, şeir kimi ölmək istəyirəm" adlı poeziya günü keçirilib.

    Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova Azərbaycan ədəbiyyatının dəyərli incilərindən, bədii sözün imkanlarından söz açıb, BSU-da keçirilən tədbirlərdə Gənc Yaradıcılar Klubunun fəallığını diqqətə çatdırıb. 

     Tədbir Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin I kurs tələbəsi Güllər Həsənovanın sözləri Azad Zamanovun, musiqisi Nüşabə Musayevanın olan "İntizar" mahnısının ifası ilə başlayıb. Tələbələrdən Ülkər Ağayeva Nəbi Xəzrinin "Dəniz, göy, məhəbbət" şeirini, Gözəl Adıgözəlli Vaqif Səmədoğlunun "Sən, Uzaq Yaşıl Ada" şeirini səsləndiriblər. Azərbaycan ədəbiyyatının əvəzolunmaz incilərindən danışan Ramazan Ramazanov Nəriman Həsənzadənin "Ayrılıq" şeirini səsləndirib.

    Tədbirdə Azərbaycan filologiyası və jurnalistika fakültəsinin I kurs tələbəsi Sadəgül Baloğlanova Musa Yaqubun "Niyə gəlmisən?" şeirini, Tərcümə fakültəsinin I kurs tələbəsi Diana Məmmədli Mədinə Gülgünün "Durnalar" şeirini səsləndiriblər. Sonra Ramazan Ramazanov Ramiz Rövşən yaradıcılığından söhbət açıb və şairin "Yenə bu şəhərdə, üz-üzə gəldik" şeirini səsləndirib. 

    BSU-nun "Descartes" qrupu sözləri Fikrət Qocanın, musiqisi Oqtay Kazımininolan "Qaytar eşqimi" mahnısı ilə tədbirə rəng qatıb. Gözəl Adıgözəlli Cəfər Cabbarlının "Ana" şeirini, Ramazan Ramazanov özünün müəllifi olduğu "Eşq nədir?" bədii essesini oxuyub. Tərcümə fakültəsinin I kurs tələbələri Gülay Əlizadə Bəxtiyar Vahabzadənin "Yaman darıxmışam", Məlahət Kazımova Əli Kərimin "Qayıt" şeirlərini səsləndirdikdən sonra "Descartes" qrupu "Ey həyat, sən, nə qəribəsən?!" mahnısı ilə tədbiri yekunlaşdırıb.

BSU-nun Mətbuat Xidməti