BSU-da “Yaddaşlardan silinməyən Şuşa” adlı tədbir keçirilib

                

    Mayın 6-da  Bakı Slavyan Universiteti üzrə (BSU) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümünə həsr olunmuş “Yaddaşlardan silinməyən Şuşa” adlı tədbir keçirilib.
     Tədbiri BSU üzrə YAP GB-nin sədri Murad Sadiqov açaraq 27 il bundan əvvəl ölkəmizdəki ictimai-siyasi vəziyyət, Vətən uğrunda şəhid olan soydaşlarımızın mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə danışıb, işğal nəticəsində şəhərin maddi-tarixi abidələrinin dağıdılması barədə məlumat verib. 
    Pedaqoji fakültənin II kurs tələbəsi Şəfəq Əliyeva Azərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin erməni işğalından və ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb. O, həmin dövrdə Azərbaycan hakimiyyətinin səriştəsizliyi səbəbindən Şuşa şəhərinin lazımi səviyyədə müdafiəsinin qurulmaması nəticəsində şəhərin düşmən əlinə keçdiyini qeyd edib. 
       Azərbaycan tarixi və ictimai elmlər kafedrasının baş müəllimi Əli Rüstəm çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən söhbət açıb. O bildirib ki, dinc əhaliyə qarşı amansızca yanaşan erməni təcavüzkarları şəhəri yerlə yeksan edib, tarixi və mədəni abidələri dağıdıb, terror aktı həyata keçiriblər.
        Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film göstərilib. 
       Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BSU tələbələrinin ifasında Şuşaya həsr olunmuş vətənpərvər ruhlu şeirlər səsləndirilib.

 

BSU-nun Mətbuat Xidməti