Aprel 26-da Bakı Slavyan Universitetində Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Universitetin tələbə və müəllim heyəti tədbirə qatılaraq qana ehtiyacı olan xəstələr üçün könüllü qan veriblər.
Tibbi Biliklərin Əsasları və Mülki Müdafiə Kafedrasının müdiri Pərvanə Cəfərova bildirib ki, universitetdə bu aksiyanın keçirilməsi artıq ənənəvi hal alıb. Hər il aprel ayı ərzində “Donor günü” keçirilir və BSU-nun kollektivi talassemiyalı xəstələrə dəstək olmağa çalışırlar. O, tədbirin talassemiya ilə bağlı dövlət proqramlarına uyğun həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, qanvermə aksiyası həkim nəzarəti altında həyata keçirilir. Çəkisi 50 kq.dan az olan şəxslər qan verə bilməz. Bundan əlavə, donorlar fiziki baxımdan sağlam olmalı, yaş həddi 18-55 arasında olmalıdır.
Aksiya çərçivəsində donorlar əvvəlcə həkim nəzarətindən keçib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.
Qeyd edək ki, aksiyada iştirak etmək istəyən BSU əməkdaşları və tələbələr günün sonuna qədər Tibbi Biliklərin Əsasları və Mülki Müdafiə Kafedrasına yaxınlaşa bilərlər.
BSU-nun Mətbuat Xidməti