Bakı Slavyan Universitetində (BSU) Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin Riyaziyyat və informatika kafedrası tərəfindən “Riyazi biliklərin praktikada tətbiqi” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarın əvvəlində giriş sözü ilə çıxış edən BSU-nun Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Ramazan Eyyubov riyazi elmlərin yaranma tarixindən və bu elmlərin digər elm sahələri ilə əlaqələrindən söz açıb. Digər sahələrin tətbiqi riyaziyyatla qarşılıqlı şəkildə inkişaf etdiyini deyən kafedra müdiri bildirib ki, XXI əsrin elmi-texnoloji yenilikləri riyaziyyat elmini biologiya, fizika, səhiyyə və digər sahələrlə yaxınlaşdırır və əlaqələrini genişləndirir. R.Eyyubov Riyaziyyat və informatika kafedrası tərəfindən nəzərdə tutulan tədbirlər planı barədə məlumat verərək gələcəkdə tələbələr üçün daha faydalı praktik seminarların təşkil olunacağını deyib.
Tədbirdə tələbələrin BSU-nun professor-müəllim heyəti arasında riyaziyyatın gündəlik həyatımızda rolu barədə apardıqları sorğunun videosu nümayiş olunub.
Nümayişin ardından Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin Azərbaycan-rus bölmələrində təhsil alan tələbələrindən ibarət “Tusi” və “Pifaqor” komandaları arasında müsabiqə keçirilib. Müsabiqə çərçivəsində əvvəlcə hər iki komanda ev tapşırığında hazırladıqları divar qəzetlərini münsiflər heyətinə təqdim ediblər. Sonra “Tusi” və “Pifaqor” komandaları arasında dörd turdan ibarət müsabiqə keçirilib. Hər turda tələbələrə verilən riyazi suallar yazılı və əyani formada cavablandırılıb. Müsabiqə çərçivəsində BSU-nun tələbələri Valodina Anastasiya, Ülkər Ələkbərova, Fidan Əsgərova, Sevinc Hümbətova, Həmidə Ağabalayeva, Sevda İbrahimova, Mahirə Nəcəfova, Fatimə İsayeva, Validə Ağayeva, magistrant Fidan Qazaxova riyazi elmlərlə bağlı maraqlı faktlardan ibarət müxtəlif mövzularda slayd təqdim ediblər.
Müsabiqənin nəticəsində “Pifaqor” komandası münsiflər heyətinin üzvləri - Riyaziyyat və informatika kafedrasının müdiri Ramazan Eyyubov, kafedranın dosentləri Tamara Məmmədova və Xumar Novruzovanın qiymətləndirməsinə əsasən 52 bal toplayaraq qalib gəlib. Tədbirin sonunda komandaların üzvlərinə, həmçinin Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri arasında keçirilən “Riyaziyyat mənim həyatımda” adlı esse müsabiqəsinin qaliblərinə sertifikat təqdim olunub. Esse müsabiqəsində tələbələrdən I yerə Fatimə İsayeva, II yerə Validə Ağayeva, III yerə Günay Quluzadə və Aygün Qarayeva layiq görülüb.
BSU-nun Mətbuat Xidməti