BSU-da Startap qrupu - “Rus dili” Tədris-İnnovasiya Mərkəzi yaradılıb

     

    Bakı Slavyan Universitetində (BSU) rektor, professor Nurlana Əliyevanın “Universitet üzrə startap qruplarının işinin təşkili və innovativ fəaliyyətin dəstəklənməsi tədbirləri barədə əmr”ini rəhbər tutaraq Pedaqoji fakültənin bazasında Startap qrupu - “Rus dili” Tədris-İnnovasiya Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında başlıca məqsəd BSU-da müxtəlif ixtisaslar üzrə  təhsil alan tələbələrin rus dilində dil-danışıq vərdişlərini inkişaf etdirmək, bu istiqamətdə tədbirlərə magistrantları, doktorantları, gənc müəllimləri yaxından cəlb etməkdir. Startap layihəsi Pedaqoji fakültənin nəzdində təşkil olunduğu üçün işin koordinasiyasına nəzarət fakültənin dekan əvəzi, t.ü.f.d Dilarə Hacıyevaya həvalə edilib.

    “Rus dili” Tədris-İnnovasiya Mərkəzi barədə məlumat verən Dilarə Hacıyeva bildirib ki, “Universitet üzrə startap qruplarının işinin təşkili və innovativ fəaliyyətin dəstəklənməsi tədbirləri barədə əmr” Elmi Şuranın 8 aprel, 2019-cu il tarixli iclasının qərarını və tədris işləri üzrə prorektor, professor Telman Cəfərovun təqdimatını əsas götürərək BSU rektoru, professor Nurlana Əliyeva tərəfindən imzalanıb. D.Hacıyeva deyib ki, əmr imzalandığı gündən etibarən “Rus dili” Tədris-İnnovasiya Mərkəzi öz işinə başlayıb. Onun sözlərinə görə, mərkəz nəzdində təşkil olunan rus dili kursları üçün ayrılan müvafiq otaqlar texniki avadanlıqlarla təmin olunub. BSU-nun gənc müəllimləri tələbələrə rus dilində danışıq qabiliyyətlərinin inkişaf etdirilməsində yaxından köməklik göstərirlər.

BSU-nun Mətbuat Xidməti