BSU-da Yunus Əmrə İnstitutunun təqdimat keçirilib

                

      Bu gün Bakı Slavyan Universitetində (BSU) Yunus Əmrə İnstitutunun Bakı filialı ilə bağlı təqdimat keçirilib.
    Tədbirin əvvəlində BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov Yunus Əmrə İnstitutunun Bakı filialı barədə tələbələrə məlumat verib. T. Cəfərov Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsində institutun vacib rol oynadığını vurğulayıb. O bildirib ki, iki qardaş ölkə arasındakı təhsil əlaqələrinin genişləndirilməsi üçün türkiyəşünaslıq istiqamətində kadr hazırlığına daim ehtiyac var. BSU ilə Yunus Əmrə İnstitutu arasında sıx əməkdaşlıqdan danışan Telman Cəfərov hazırda BSU-nun IV kurs tələbələrinin Yunus Əmrə İnstitutunun Bakı filialında istehsalat təcrübəsində olduqlarını bildirib.
     Yunus Əmrə İnstitutunun Bakı filialının təhsil üzrə koordinatoru Ali İhsan Çevik azərbaycanlı tələbələrin Türkiyədə təhsil almaları üçün Yunis Əmrə İnstitutu tərəfindən Bakıda keçirilən hazırlıq kurslarından söz açıb. O bildirib ki, institutut yaranmasının 10-cu ildönümü ərəfəsində dünyanın tanınmış təhsil mərkəzləri ilə yeni layihələr qurmağı planlaşdırır. BSU ilə əməkdaşlıqdan məmnunluq ifadə edən A.İ.Çevik Yunus Əmrə İnstitutunun Bakı filialı tərəfindən təşkil olan ödənişsiz yay məktəbi və Türkcə Səviyyə İmtahanı barədə tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, Türkcə Səviyyə İmtahanında iştirak etmək istəyən tələbələr Yunus Əmrə İnstitutunun Bakı filialının rəsmi saytında aprelin 19-a qədər qeydiyyatdan keçə bilərlər.
        Tədbirdə Yunus Əmrə İnstitutunun fəaliyyəti, institutut tərəfindən təşkil olunan yay məktəbi, dil kursları barədə video-çarx təqdim olunub.
Təqdimatın ardından tələbələri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti