Azərbaycan İlahiyyat İnstitutunun dosenti BSU-da mühazirə oxuyub

           

    Aprelin 10-da Bakı Slavyan  Universitetində  (BSU) Təhsil Nazirliyindən (TN) göndərilən tövsiyə məktubu əsasında Tədrisin təşkili və tədris resursları şöbəsi tərəfindən “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri”  adlı fakültativ kursların növbəti mühazirəsi keçirilib. Mühazirənin budəfəki qonağı Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qafarov olub.

  Anar Qafarov BSU tələbələri qarşısında “İslam əxlaq fəlsəfəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. İlahiyyatçı islam düşüncəsi və mədəniyyətində əxlaqın yerindən, əhəmiyyətindən bəhs edib, islam, əxlaq və fəlsəfə anlayışlarının terminoloji cəhətdən izahını verib. A.Qafarov islam əxlaq fəlsəfəsində əxlaq düşüncəsinin əsas mənbəyinin Quran və hədislərdə mövcud olduğunu vurğulayıb. Müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyət münasibətlərinin inkişaf etdirilməsi baxımından qloballaşma hadisəsini müsbət amil kimi dəyərləndirən ilahiyyatçı müasir dövrdə texnologiyadan düzgün yararlanmaqla bağlı gənclərə öz tövsiyələrini verib. İslam filosoflarının əxlaq fəlsəfəsi barədə söz açan A.Qafarov çıxışında Azərbaycan mədəniyyətində islam dininin izləri barədə bir sıra maraqlı faktlardan nümunələr gətirib.

   Tədbirin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

BSU-nun Mətbuat Xidməti