BSU-da bədii yaradıcılıq festivalının seçim mərhələsi olub

                 

    Bu gün Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının seçim mərhələsi keçirilib.
   Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığıyla ali məktəb tələbələrinə milli vətənpərvərliyi aşılamaq, onları mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq məqsədilə hər il ənənəvi olaraq keçirilir.
   BSU-da baş tutan seçim mərhələsində, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov, Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli münsif qismində iştirak ediblər.
    Festivalın rəqs müsabiqəsi üzrə universitetin “Arzu” rəqs ansamblının ifasında “Min bir gecə”, “Qızlar” rəqsləri təqdim olunub. Mahnı müsabiqəsində tələbələrdən Aydan Şahgəldiyeva, Nərgiz Məmmədəliyeva, Güllər Həsənova, Fidan Rəhimli, Aytac Samullayeva, Namiq Fərəcli, Aytac Ağayeva çıxış ediblər. Şeir müsabiqəsi üzrə Səfiyyə Mustafayeva və Ramazan Ramazanov şeirlər səsləndiriblər.
      Sonra münsiflərin tələbələrin çıxışları ilə bağlı fikirləri dinlənilib.

BSU-nun Mətbuat Xidməti