BSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublar

      Bildiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı təşkil olunur.
    Festivalın keçirilməsinin məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.
      2-3 aprel tarixlərində “Tələbə baharı” XII Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsi olub. Seçim turunda Bakı Slavyan Universitetinin “Arzu” rəqs ansamblı xoreoqraf Əli Natiqoğlunun rəhbərliyi ilə “Müasir rəqslər” nominasiyası üzrə I yeri, "Milli rəqslər” nominasiyası üzrə II yeri qazanıb. 
     Bakı Slavyan Universitetinin Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin bədii rəhbəri Aygün Kərimovanın rəhbəri olduğu vokal qrupunun üzvləri - Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Namiq Fərəcli “Klassik estrada” nominasiyası üzrə I yer, Tərcümə fakültəsinin III kurs tələbəsi Aytac Samullayeva “Müasir estrada” nominasiyası üzrə I yerin qalibi olublar.

BSU-nun Mətbuat Xidməti