BSU-da “Soyqırım: etnopsixoloji baxış” adlı tədbir keçirilib

         

     Bakı Slavyan Universitetində Pedaqoji fakültənin nəzdində Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə 31 mart- Azərbaycanlıların soyqırımına həsr olunmuş “Soyqırım: etnopsixolojibaxış” adlı tədbir keçirilib.  Tədbiri kafedranın müdiri dosent Sevinc Axundova açaraq XX əsrin əvvəllərindən başlayaraq erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi cinayət əməlləri barədə məlumat verib. O, 1918-ci ilin mart ayında  erməni qatillərinin Bakıda başladığı qırğınları  tezliklə Azərbaycanın digər rayonlarında, indiki Ermənistanın bir çox bölgələrində və İrəvan şəhərində davam etdirdiklərini bildirib. S.Axundova sovet dövründə də düşmən qüvvələrin öz əməllərindən əl çəkmədiklərini, 1948, 1953-cü illərdə azərbaycanlıları Ermənistan ərazisindən köçürməklə öz çirkin planlarını həyata keçirmək istiqamətində ardıcıl addımlar atdıqlarını bildirib. S.Axundova erməni qəsbkarlarının bu gün də öz fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb.

           Sonra söz kafedranın müəllimi Sevda Mansurovaya verilib. O, etnik münaqişələrin yaranma səbəbləri,etnik qruplararası konfliktlərin formaları və insan psixikasına vurduğu zərərlər haqqında iştirakçılara məlumat verib.

           Kafedranın digər müəllimi Aygün Əliyeva Azərbaycan xalqının milli özünüdərk və milli şüurunun formalaşması tarixi barədə danışıb. O, gənclərin öz kimliklərini bilmələrinin, milli-tarixi köklərindən xəbərdar olmalarının zəruriliyini vurğulayıb.

           Pedaqoji fakültənin təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Mədinə Hüseynova çıxışında dünyanın hazırda  qaçqınlıq problemi ilə üz-üzə dayandığını vurğulayıb. O, qaçqınların  yerləşdirilməsi, sosial təhlükəsizliklərinin təmin edilməsi və məşğulluq məsələlərinin həlli ilə bərabər, onların psixoloji yaşantıları və sarsıntılarının reablitasiyasının gündəmdə olduğunu deyib.

    Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisasında təhsil alan Xanım Məmmədova Quba məzarlığından, onun tarixindən və orada gördüklərindən söhbət açıb.

       Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov çıxış üçün söz alaraq Azərbaycana qarşı düşmən qüvvələrin zaman –zaman apardığı işğalçılıq siyasəti, törətdiyi cinayətlər və xalqımızın qəhrəmanlıqları barədə danışıb, gənclərə öz tövsiyələrini verib.

     Sonra həmin kafedranın müəllimləri Ərzuman Əmirov, Əli Rüstəmov soyqırımı haqqında konkret faktlar səsləndiriblər. Onlar da Azərbaycan gənclərini ayıq olmağa, elm və biliyə yiyələnməklə xalqımızı dünyada tanıtmağa çağırıblar.

                                                                                     BSU-nun Mətbuat Xidməti