BSU-nun tələbələri 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirində iştirak ediblər

             

   

      Martın 29-da Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatı (BSU TGT) və Nəsimi Rayon Gənclər və İdman İdarəsiin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları Hərbi Prokurorluqda olub, burada azərbaycanlıların soyqırımına aid  şəkillərdən, tarixi sənədlərdən, cinayət aktlarında istifadə edilən silah və hərbi sursatdan, faciələrin baş verdiyi coğrafi məkanların xəritələrindən ibarət  xüsusi bölmə ilə tanış olublar. Anım mərasimində çıxış edən BSU-nun tələbəsi Əsmər Bayramova  Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktının mahiyyəti və məqsədi haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçiliklərinin tarixi çox uzaqlara, 200 il əvvəlki dövrlərə gedib çıxır. Ə.Bayramova qeyd edib ki, bu cür qanlı hadisələrin təkrarlanmaması üçün biz gənclərin üzərinə tariximizi dərindən öyrənmək və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırmaq kimi mühüm vəzifələr düşür.

      Bakı Slavyan Universitetinin digər tələbəsi Nərmin Adil çıxışında tarixə ekskurs edib, o hələ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hakimiyyəti dövründə 31 mart azərbaycanlılara qarşı soyqırım faktlarının tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradıldığını və Cümhuriyyətin Xarici İşlər Nazirliyinin nəzdində xüsusi  qurumun həmin cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində  çox böyük işlər gördüyünü bildirib. N.Adil 1919 və 1920-ci illərdə mart ayının 31-nin “Matəm Günü” kimi qeyd edilməsinin bu hadisələrin AXC hökumətinin diqqət mərkəzində olması faktı kimi qiymətləndirib. O, AXC-nin süqutunun bu prosesin başa çatmasına imkan vermədiyini,  Sovet dövründə isə Azərbaycan tarixinin saxtalaşdırıldığını, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırım faktlarının gizlədildiyini bildirib.

     N.Adil yalnız Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini və 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlanıldığını vurğulayıb. 

Sənədlərlə tanış olan tələbələr də hadisələr barədə öz fikir və rəylərini bölüşüblər.

                                                           BSU Mətbuat Xidməti