BSU-da “İslam prinsiplərinin analtik təhlili”mövzusunda mühazirə oxunub

           

         Martın 28-də  Bakı Slavyan  Universitetində  (BSU) Təhsil Nazirliyindən (TN) göndərilən tövsiyə məktubu əsasında Tədrisin təşkili və tədris resursları şöbəsi tərəfindən “İslam tarixinin və islam əxlaqının əsas prinsipləri”  adlı fakültativ kurslarının ilk  mühazirəsi keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov iştirak edib.

    Ə.Niyazov BSU tələbələri qarşısıda “İslam  prinsiplərinin analtik təhlili” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə natiq islamşünaslığın tarixindən, islamın din kimi dünya xalqları arasında formalaşmasından, bu dində mövcud olmuş təriqətlərdən danışıb.

     Əhməd Niyazov qeyd edib ki, ölkəmizdə bütün ənənəvi dinlərə, o cümlədən islam dininə, islam mədəniyyətinə dövlət tərəfindən qayğı və diqqət göstərilir. O bildirib ki, VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam dini qısa vaxt ərzində  dünyanın böyük bir hissəsinə yayılıb. Ölkəmiz uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla yanaşı, islam dininin yayılmasında da mühüm rol oynayıb. Ə.Niyazov əlavə edib: “Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnaçılar və digər dinlərin mənsubları təşkil edirlər. 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması islam dəyərlərinin, həmçinin milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verib”.

Mühazirənin davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, iştirakçılara dini dəyərlərlə bağlı bir sıra tövsiyələr verib.

BSU-nun Mətbuat Xidməti